Aslan, leopard, giyena, kobra ilanı – heç kimi hərləmir bu (videosu). Ginnesin Rekordlar Kitabına ən qorxubilməz heyvan kimi düşüb.

Adına el içində bal porsuğu deyirlər. Elə eldən kənarda da adı belədir. Ölçüsü 80 sm-dəkdir (quyruğu – 25 sm), çəkiləri də 7-13 kq. Di gəl ki, qan uddurur da xalxın heyvanlarına. Porsuq deyilsə də porsuqkimilərlə, demək olar ki, heç bir əlaqəsi yoxdur. Daha çox gəlinciklərlə oxşarlıqları var.

Afrikada, Yaxın Şərqdə və Hindistanda boldur bu porsuğdan. Rütubətli tropik meşələrdən tutmuş ta səhralıq ərazilərə kimi hər yerdə başına çarə qıla bilir.

Dəriləri elə möhkəmdir ki, nə ox batır, nə nizə. Həm də çox elastikdir dəriləri. Kimsə risk edib bunu caynaqarası alanda asanlıqla sürüşüb çıxa bilir. Digər yarıdığı nahiyələri siyahısında möhkəm ayaqlarını, uzun və güclü caynaqlarını, tısbağa çanağını belə viran qoya biləcək iti dişlərini və möhkəm çənəsini göstərmək olar. Razborkada qarşı tərəf şilküt olar, amma bu porsuq yox.

Meyvə-giləmeyvədən tutmuş ta ki bal, quş, yumurta, məməlilərə kimi hamısından yeyir. Ətrafdakıların hörmət-izzət, qorxu-hürküsünü qazanmış Hindistan kobralarını da əməllicə başıqapazlı edib. İlan zəhərinə qarşı immuniteti hələ kiçik yaşlarından baş qaldırmağa başlayır. Əvvəlcə ölçücə daha kiçik zəhərli əqrəblərin üzərində məşq edir, yaş artıqca isə handa bir zəhərli ilanı ilan yerinə qoymur. İlan zəhərinin dozası lap çox olanda şikarını öldürəndən sonra bir müddətlik huşunu itirə bilər. Amma 1-2 saat keçəndən sonra heç nə olmamış kimi ayılıb iş-gücünə davam edir.

Həm də çox hiyləgər, cəld, sırtıq, aqressiv və ümumiyyətlə aferistin yekəsidir.

Bal porsuğunu ilk dəfə görüb baş qoşmaq istəyənə qarşı əvvəlcə diş və caynağını işə salır, bu az olanda üfunət iyi verən xüsusi zadı yayır aləmə, buna sataşanın burnu tutulubsa və bu iyi hiss etmirsə, onda bir yumaq halını alıb dişdəməyənə söyüş qoyur. Bilir ki, gönüqalınlığının sayəsində dişdəm almaq da mümkün olmayacaq.

Fotodakı çaqqalla bal porsuğu arasında şikar uğrunda çəkişmə yarım saatadək davam edib. Nə çaqqalın dişdəmləri təsir edib, nə də ölçüləri. Yarım saatdan sonra çaqqal yorğun halda kənara sərələnib bal porsuğunun iştaha ilə nahar etməyinə baxıb ümidini itirmirdi ki, heç olmasa yeyib doyandan sonra qalıqları dadar. Heç nə saxlamadı. Axıradək yedi və düzəldi yola.

Tək yaşayırlar. Cütləşmə dövründə amma bir adını iki etdiyi xalxın porsuğəsiylə bir yerdə vaxt keçirir, hətta ova da çıxır.
5-7 aylıq hamiləlik dövründən sonra 1-4 bala dünyaya gətirirlər. 1 il və bir qədər çox müddət ərzində ana porsuğun başı balasına qarışır.

8 il vəhşi təbiətdə, bizim sayəmizdə isə 24 ilədək yaşaya bilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir