📷  Fotoları çəkdiyim məkan: Serengeti, Tanzaniya

Leopardın (bəbirin) adı «leon» (aslan) və «pardus» (panter) yunan sözlərindən calağ olunub. Ondan-bundan fərqləndirən cəhətləri nədir bu leopardların?

 Ölçüsünə görə panterkimilər arasında ən xudmanisidi. Erkəklərin çəkisi 60-80 kq, dişilərininsə 40-60 kq arası olur. Müqayisə üçün deyim ki, erkək aslanın çəkisi 250 kq filan olur.

 Amma bu kiçik ölçüsünə rəğmən öz çəkisindən 3 dəfə artıq olan heyvanları ovlaya bilir.

 Çox gizlin həyat tərzi sürürlər. Vəhşi təbiətdə onlara rastl gəlmək müşkül məsələdir. Amma mən, bilirsiz də, vergiliyəm 

 Eksklüziv topuq formasının hesabına leopard asanlıqla ağaca dırmaşır. Həmişə də ordan başı aşağı düşür.

 Yeganə pişikkimidir ki, şikarını ağacın başına çıxarıb orda nuş edir. Şikar da öz ölçülərindən 3 dəfə artıq ola bilər. Zürafə balasını, məsələn, öldürüb asanlıqla 6 m hündürlüyə dartıb çıxarda bilir.

 Hər bir leopardın üzərindəki ləkələr unikaldır. Lap zebralardakı kimi.

Aslanlar kimi, leopardlar da nərildəyə bilirlər, amma daha abır-həya güdərək. Həm də ev pişikləri kimi muruldamaq da pəncələrindən gəlir.

 Eşitmə qabiliyyəti onlarda insanınkından 5 dəfə daha güclüdür.

 Bütün vəhşi pişiklər arasında ən möhkəm dişdəm sahibi sayılır.

 Görmə qabiliyyətləri hesabına da 2 kmdək məsafəni asanlıqla var-gəl edirlər.

 Saatda 60 km sürətlə qaçan leopardların həm də əla alpinistliyi və üzgüçülüyü var. Uzunluğa (7 m) və hündürlüyə (3 m) tullanmaq qabiliyyəti də onların bacarığına təbiət tərəfindən bir bonus kimi verilmişdir.

 Quyruqları təqribən elə bədənləri uzunluğunda olur. Onun hesabına qəfil döngələri çox asanlıqla yola verirlər.

 Əsasən gecə ova çıxırlar.

 Dİşi leopardların 2-3 balası olur. 2 yaşınadək anasıyla gəzib dolaşan bala daha sonra təkbaşına yaşamağa başlayır. Bəzən eyni anadan eyni vaxtda həm qara, həm də qara—qonur leopardlar da doğulur. Belə melanist-leopardları qara pantera adlandırırlar. Amma qara olmalarına baxmayaraq üzərilərində az və ya çox miqdarda ləkələr olur.

 Brakonyerlər gözəl xəzinə və… bığlarına görə onları ovlayırlar. Bığı neynirlər? Deyilənə görə, bəzi dərmanların hazırlanmasında istifadə olunur.

 Çox su içməklə araları yoxdur. Elə qida ilə bərabər aldıqları maye çox zaman onlara bəs edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir