Köksüz, budaqsız, yarpaqsız ən iri gül

Cənub-Şərqi Asiyanın rütubətli cəngəlliklərində onun-bunun hesabına yaşayan raffleziya (Rafflesia Arnoldii növü) – dünyada ən iri çiçəkli bitkidir. Çiçəyinin diametri 1 metr, çəkisi 7-11 kiloqramadək olur.
 
Niyə “onun-bunun”? Çünki özünün nə kökü, nə gövdəsi, nə də yarpağı olur. Lianaların (Tetrastigma növünün) üzərində parazitik yolla bitir, liananın əziyyətlə qazandığı mineral filanı eninə-uzununa dədə malı kimi istifadə edir. Allahın fotosintez prosesi də getmir bunlarda. Lianaya pənah gətirəndən ta ki ilk qöncəsinə kimi 3 il vaxt keçir, sonra daha 9-15 ay gözləmək lazımdır ki, qönçədən nazlı çiçəyimiz təşrif buyursun. Allah lianaya səbr versin…
 
Çiçəyin özünü görmək çox nadir hadisədir. 3-4 günlük özünü göstərib aradan çıxan bu gülün 2-4 milyonadək toxumu olur. Amma onlardan tək-tükü gül olub güllərə qoşula bilir. Özü də toxumları lap balaca olur və o balacalıqda toxumun loxlanmış liananın möhkəm gövdəsini necə dəlib onun içində məskən salmağı hələ də mötəbər alim beyinlərinə çatmır.
 
Uzaqdan yox, amma burunu ona dirəyəndə hiss olunur ki, sözün əsl mənasında, it iyi verir, daha doğrusu – çürümüş ət. Elə milçəklər tərəfindən də tozlandırılırlar. Amma buna baxmayaraq yerli əhali onlara “lianamın üstə çiçəyin var” demir, onlara ədəb-ərkanla yanaşır və yetərincə istifadə edirlər. Çünki hesab edirlər ki, raffleziyanın qönçələrindən hazırlanmış məhlul qadınların doğuşdan sonra fiqurasının bərpasına kömək edir. Raffleziya kişiləri də unutmayıb. Onlarda da, 45 yaşdan yuxarı kim varsa – hamısından üzr istəyirəm, cinsi funksionallığın artmasına əl uzadır.
 
Lap əvvəllər normal ölçülü bir gül olublar. Amma 46-ca milyon il ərzində bekarçılıq bunları necə üzübsə – başlayıblar çox sürətlə böyüməyə. Əcdadlarının ölçüləri indikilərdən 80 dəfə kiçik olub.
 
Qədim olmasına rəğmən insan övladı onu 200-cə il əvvəl adam arasına çıxarıb. Bunu da Sumatra adasında Stemford Rafflzın rəhbərlik etdiyi ekspedisiya edib. Ekspedisiyadakı botanik Cozef Arnoldla birlikdə bu gülün əsli-nəcabətini ilk dəfə olaraq ortalığa qoyublar. Adı da ona görə belədir. Yerli əhali də kənardan bunlara baxıb mırt tuturdular, çünki gülün varlığından çoxdan xəbərdar idilər və onlar üçün o, “bunqa patma” idi, yəni “lotosun gülü”.
 
Adamlar var dünyanın o başından bu başına raffleziyanın çiçəklənməsinə baxmaq üçün durub gəlirlər. Yəni o dərəcədə harınlanmışdı bu it iyi verənimiz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir