Əlivi hansı heyvana atırsan bəlli olur ki, onun bu və ya digər nahiyəsindən ənənəvi Çin təbabətində istifadə edirlər. Gül kimi “Doktor Mom” filan ola-ola niyə bu yazıqların ora-burasını kəsib 1000 dərdə “dərman” etsinlər ki? “Qırmızı Kitab”a düşən 160-dan çox canlını bu məqsədlə istifadə edirlər həmin bu təbabətdə. Belə qəribə təbabətdi e özü də: bir tərəfdən vəhşi heyvanları öldürür, o biri tərəfdən ev heyvanlarını yaşadır. Son zamanlar bu minvalla çoxlu sayda ev heyvanını müalicə edib həyata qaytarıblar.
 
Buna ürəyi dözməyən alimlər hətta alternativ variantlar da fikirləşirlər ki, məsələn, “bax, bu inək yə donuz ödüdür, tərkibi elə ayı ödüylə eynidir, gələ bundan istifadə elə, ayıya dəymə”. Onlarsa deyir: “Yox. Bizə imennı ayı ödü lazımdır, çünki yüz illərdən gələn bu ənənəyə xor baxa bilmərik”. Baxa bilmirlər, ara yerdə biz yazıqlar sms yazıb dükana gedirik.
 
Babbalaca dəniz atları vardı ya – kişi hamilə qalıb uşaq dünyaya gətirirdi, arvad da bəhanə tapıb aradan çıxırdı – bax, onlar da Allahın mırt bəndələridilər də, atdanıb-düşürlər özləri üçün okean dibində. Niyə tutub onlardan respirator xəstəlikləri, astma, yuxusuzluq, dəri infeksiyaları, qalxanvarı vəzin disfunksiyasını aradan qaldırmaq üçün “dərman” düzəldirsən, ay Çin təbabəti? Özü də ilə 20 ton!
 
Tutalım, dəniz atları dilsiz-ağızsız, başıqapazlıdırlar, yetən-yetən salır tilovuna aparır. Bəs o boyda pələngə nə deyəsən? Adam onun şəklini belə görəndə istəyir ayağa qalxıb çest versin! Amma bezpontovıy Çin təbabəti neyləyir? Pələngin sümüylərindən xalxın oynaq ağrılarını müalicə etməkdə istifadə edir. Pəncələrindən də yuxusuzluğun aradan qaldırılması üçün. Piyindən isə revmatizmdən xilas etməkdən ötrü. Böyüklərdən utanmasaydım cinsi orqanının potensiyanın xoddanması üçün istifadə edildiyini də dilə gətirərdim.
 
Çin hökuməti 1993-cü ildən pələngin müxtəlif hissələrinin ölkəyə gətirilməsinə qadağa qoyubmuş. Brakonyerlər də elə onu deyir…
 
Ayıya baxanda pələng yenə yaxşıdı. Bayaq dediyim ayı ödü, həmin təbabətə görə, bakterial infeksiyaları sağaldır, ümumiyyətlə ağrıkəsici kimi istifadə olunur. Ödü öldürülüb çıxarılan ayı sevinir ki, yaxşı qurtarıb. Vay o gündən ki, onu tutub xüsusi fermada saxlayıb ödü yavaş-yavaş “sağıb”, özünü də uzun və işgənçəli ölümə düçar edələr… Qarınlarına ağrıkəsicisiz xüsusi dəlik yerləşdirib ödün konteynerə axmasına şərait yaradırlar. Acınacaqlısı da odur ki, bu cür fermalar tam leqal fəaliyyət göstərirlər. Çin və Vyetnamın bu cür fermalarında təqribən 14 min ayı saxlanılır.
 
Panqolini, bilirəm, koronavirusa görə gözümçıxdıya salan çoxdur. Amma o yazıq gəlib yalvarmır ki “siz Allah, üz-gözünüzə sürtün, yeyin məni”. Yaşamaqçün doğulub bu qozaya oxşar varlıq. Yeyilmək ya da dərmana çevrilmək üçün yox. Həm də heç dəqiq də deyil bizim sms yazıb çölə çıxmağımızda onun rolu var ya yox. Deyilənə görə, ilk daşıyıcı yarasa olub və ondan da panqolinə keçibmiş.
Çin təbabətində panqolinlərin pulcuqlarından, qanlarından geniş istifadə olunur. Əti də delikates imiş. Panqolin bilsə ki, belə min dərdə “dərmandı”, vallah, adama salam zad da verməz.
Rəsmi qadağa da var onların ovlanmasına, amma 2010-2015-ci illər ərzində 120 ton panqolin və onun müxtəlif hissələri müsadirə edilib.
 
Kərgədanlarsa, məncə, ümumiyyətlə bu dünyaya gəlməklərindən peşmandırlar. Çin təbabəti deyir ki, “ilan dişlədi, qida zəhərlənməsi oldu, uşaqlarda konvulsiya baş verdi, dizenteriya oldu – buyurun, kərgədan buynuzu dadınıza yetsin”. Xeyrini də görən olmayıb a, amma hələ də inanırlar ki, buynuz sadaladıqlarımla mübarizədə kömək edir. 2010-2016-cı illərdə brakoneyrlər tərəfindən Cənubi Afrikada 6.5 min kərgədan öldürülüb.
 
Yarasalardan da danışmağa adam ehtiyat edir. Ona görə yox ki, durduqları yerdə nəsə ziyanları dəyir insanlara. Sadəcə, insanlar onlara dəxlisiz baş qoşub nəcislərindən tutmuş ta qanlarına, ətlərinə kimi Çin təbabətində istifadə edirlər. Hətta beyinlərini də yaddaşın gücləndirilməsi üçün udurlar. Nəticəsi də göz qabağında.
 
Bu təqdirəlayiqsız təbabətin qurbanları kimi Asiya kəlini, bəzi maral və tısbağa növlərini, zebraları, Çin alliqatorlarını göstərmək olar. Ümumiyyətlə isə siyahı böyükdür.
 
Yeni koronavirus həşirindən sonra Çin hökuməti ölkədə vəhşi heyvanların satışını qadağan etməyə hazırlaşır. Siyahı filan tərtib edirlər. Görək də…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir