Vəhşi təbiətin qiryətsiz anaları

Bu gün sizə vəhşi təbiətdəki qiryətsiz analardan danışacam.

Belə analardan söz düşəndə ilk ağla gələn özünə yuva qurmayan, yumurtalarını onun-bunun yuvasına vızılladıb gedən ququ quşu (kukuşka) olur. Amma bu indi mərifətsizliyi konkret alıb da boynuna, hamının da xəbəri var. Ona görə elə ququnu əlüstü yada salıb keçirik o biri “müqəddəs ana” adına ləkə gətirənlərə.

Panda var e – ay əl dəyməyin mənə, çox köməksizəm, ay qoymayın nəslim kəsildi, muğayat olun məndən, ay gəlin dombalaq aşım ürəyiniz getsin gülməkdən filan – naturalnıy bala qatili və heyvanat aləminin forslu çolkalı Aykasıdı. Başı özünə o qədər qarışır ki, heç xəbəri də olmur nətər hamilə qaldı, nətər uşaq dünyaya gətirdi. Uşağını görüb “Oy bu nədi? Kimindi?” deyib özünü gicdiyə qoyanlardandı.
Panda fiziki olaraq özünü şilküt eləsə belə maksimum 1 balaya güc-bəlayla baxa bilər. Vay o gündən ki, ikisini doğdu. Belə olan halda balanın ən kiçiyi və ən gücsüzünə heç gözünün ucuyla da baxmır bu Merilin Monromuz. Yazıq körpə təkbaşına qalıb vəhşi təbiətin və heyvanların ixtiyarına verilir. Ana olan bəndə onu heç vecinə də almır. Sonbeşiyin başını yeyəndən sonra bütün diqqət və qayğısını daha böyük və güclü balanın üzərində səfərbər edir.
Alimlər pandanın belə bezpontovıy hərəkətinə bəraət qazandırıblar: panda düşünür ki, yaxşısı budur 1, amma sağlam bala böyütsün, nəinki 2, amma zəif. Az olsun – saz olsun söhbəti.

O deyirlər e – “dovşan kimi doğub-törəyib”, bax, o deyənlərin heç xəbəri də yoxdur ki, dovşanların müştərək ailə həyatı elə sonu o doğmaqla bitən prosesdən ibarətdir. Bir ilə bir dişi dovşandan 30-dək bala istehsal edən ata dovşanın 100% balaları yadına düşmür. Ana da ondan geri qalmır: uşaqları dünyaya gətirən kimi durur cırır aradan. Yuvaya ancaq bir neçə dəqiqəlik gəlir, ağzında 1-2 dənə ot yalandan atır üstlərinə ki “alıyın, ananız yemək-içmək gətirib”. 25 gündən sonra heç yuvaya da gəlmir ki, “ay balalar, ananız əldən düşdü sizə baxmaqdan, birtəhər yola verin…” Sağ olsun yenə basıb yemir onları.
Amma ürəyigeniş alimlər burda da BəraətCELL-i işə salıblar: guuuuuya ana dovşan özü qəsdən belə gec-gec balalarına baş çəkir ki, birdən, Allah eləməmişkən, vəhşi heyvanlar bunun izinə düşüb gəlib balalarını taparlar. Söhbətə bax e!..

Qara qartalın dişi fərdləri insanlardan fərqli olaraq bala qırğınından kayf tuturlar. Sakitcə kənarda durub balalarının bir-birilərini dimdikləməklərinə tamaşa edir, qürurdan gözləri yaşarır. Bəzən bu dimdikləmə ölümlə də nəticələnir. Onda ana ümumiyyətlə “mama qurban!” deyib öpüb bağrına basır sağ qalmış qalib balanı. Güclülər gücsüzləri, böyüklər kiçikləri o dünyalıq edir. Ana da durub fəxr eləyir ən güclü balasıyla.

Adi torpaqqazan böcəklərin ana olan bəndələrinin hoqqası ümumiyyətlə heç bir analıq məcəlləsinə sığmır. Qayğıkeş ana obrazına girib öncədən balaları (sürfələri) üçün özünəməxsus evcik düzəldir bu aferistka. Bazarlığını da elə həmin o evciyə daşıyır. Ana evə gəlib çıxınca balaların hamısı evin qapısının ağzını kəsdirir ki, növbədə birinci olsunlar, birdən onlara yemək çatmaz. Yeyən yeyir, yeməyəni isə… ana basıb yeyir. Yeməyini yox a, balanın özünü.

Xomyaklar (dağsiçanı) da pandalar kimi uti-puti obrazlı heyvandırlar. Arada elə şirin olurlar ki, adam lap yemək istə… Nəysə. Bayaqkı analar yenə nəsə götür-qoydan sonra bala seçimi edirlər. Xomyaklarsa sadəcə sayı tənzimləmək üçün yeni doğulan balaların bəzilərini yeyirlər. Fərqi yoxdu güclü-gücsüz, təki say uyğun olsun. 8-9 bala doğulubsa – təqribən ikisini tıxacaq. Eksperiment üçün doğulan balaların arasına daha 2 bala əlavə edəndə ana artıq 2 yox, 4 balasını yeyib. Əksinə, balalar dünyaya gələn kimi onlardan bir neçəsini götürüb başqa yerə qoyan alimlər görüblər ki, bu halda ana heç kimi yemir. Ad da qoyublar ki, xomyak bu minvalla yedirdib böyüdə biləcəyi balaların sayını öncədən tənzimləyir.

“Həyatdaaaa sevgi olub…” Nə deyim, vallah.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir