Biçarə zürafələrin zülmü

Zürafələrə baxanda çoxumuz nirvanalıq oluruq. Realda həqiqətən çox canlara dəyən mənzərədir. Di gəl ki zürafənin özü zülm çəkir.

Zürafələr susayanda da, acanda da, hətta dünyaya gələndə də əməllicə peşmançılıq olur.

Su içmək üçün fil kimi xortumu yoxdur ki, yellədə suya içə. İri qamətiylə mütləq gərək əyilə. O cür əyilməyi də Allah kəssin: uzun ayaqlarını yanlara o qədər açmalıdılar ki, ağızları suya çatsın. Şpaqatın biri bir qəpikdən. Bu cəhənnəm e, bir təhər əyildi. O pozada axı hər yoldankeçən ən posledniy giyena üçün də çox həssas ola bilərlər. Özlərini qorumaq üçün ayaqlarını yığışdırıb ayağa qalxınca iş işdən keçə bilər.

Yeməklərini də bəzən rahatca nuş edə bilmirlər. Fillərlə qonşuluqda yaşayırlar axı çox vaxt. Fil də əhli-kef məməli. Ağacın yarpaqlarını bir-bir dərmir, çox vaxt budaq qarışıq sındırır atır yerə, ordan dənləyir. Nəticədə zürafə balamız qalır yarpaqsız ya da “Sənin xortumuvun uzunluğunu mən!..” deyib yenə əyilib yerdən yığmalı olur.

12 kiloluq zürafə ürəyi dəqiqədə 60 litr qan keçirir. Əyiləndə yetərincə duru olan qanı vurur bunun başına, halı dəyişir. O an biçarə zürafə başını yuxarı qaldırmağa cəhd edir və duru qan geriyə hərəkətə başlayır ki, bu zaman da yazığın başı gicəllənir. O razmerdə gicəllənir ki, hətta ürəyi də gedə bilər. Vay o gündən ki, yıxılanda da böyrü üstə düşsün. Belə pozada sərələnən zürafənin ayağa qalxması demək olar ki, qeyri-mümkündür.

Bala zürafə doğulanda artıq başına oyun açılır. Ana zürafə dünyaya övlad gətirəndə mütləq bunu ayaq üstə etməlidir. Ona görə də bala doğulanda “Salam, a zalım dünya” deyib ikimetrlik hündürlükdən təpəsi üstə gəlir yerə.

Gecə də ard-arda cəmi bir neçə dəqiqə yatırlar. Dərin yuxuya getmə vaxtlarını toplasaq bir gecədə 20 dəqiqə edir. Bu da təbii ki, o boyda cəmdək üçün azdır. Ona görə gündüzlər də elə ayaq üstə yatırlar. Hərdən bu zaman başlarını iki ağac budağı arasına yerləşdirirlər ki, yuxulu-yuxulu qol-baş olmasınlar.

Təsəlli kimi iri nimçə boyda dırnaqlarına baxıb seviniblər ki, yəqin bunun hesabına bataqlıqda filanda gəzəndə batmazlar. Batıblar.

https://www.instagram.com/aliakbarphotography

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir