Geniş qəlbli dəniz xiyarı

Onu ilk dəfə görən elə bilir bitkidi. Adı da, belə pis çıxmasın, dəniz xiyarıdır (və ya qoloturiya). İynədərililər sinfinə aiddir. Yaxın qonum-əqrəbaları da dəniz kirpiləri və dəniz ulduzlarıdır.

400-cə milyon il əvvəl dünyaya göz açan bu xiyarlar dinozavrlardan da əvvəl planetimizin sakini olublar. O vaxt canlı da o qədər çox deyildi. Yazıqları bekarçılıq üzmüşdü. Başlamışdılar öz üzərilərində eksperimentlər aparıb mırt tutmağa. Ən çox mırtlaşdıqları nahiyələri də Cennifer Lopezin 27 milyon dollara sığortaladığl nahiyəsidir (gül kimi üç hərfdən ibarət sözü abır-həya güdərəkdən bu uzunluqda yazası oldum. Bundan sonra qısa olaraq ona “JLo” deyək). Bu haqda az sonra.

Əvvəlcə bir CV-sinə nəzər salaq. 1100-dən artıq növü olan və 10 ilədək yaşayan dəniz xiyarları Xəzər və Baltik dənizlərindən başqa bütün dənizlərdə, habelə okeanlarda yaşayırlar. Əsasən suyun dibində olurlar, bəzən də ortasında. Ölçüləri də 10 sm-dən 1-2 metrədək olur. İndiyədək bədənlərində heç bir bakteriya aşkar olunmayıb.

Ağzı da var. Hansı ki, 10-30 ədəd buynuzcuqlarla əhatə olunub. Onların sayəsində qidanı suyun dibindən yığır, filtrasiya edir və içəri ötürür. Ayaqlarının funksiyası da hərəkət etmək, hiss etməkdən ibarətdir.

Su hövzələrinin ən qiryətdi xadimələrindən sayılırlar. Okeanın dibində yığılıb qalmış 80-90% orqanik çürüntü filanın hamısını tər-təmiz edib əyləşirlər. Hətta deyirlər ki, onlarsız dünya okeanı ekoloji fəlakətlə üz-üzə gələrdi.

Yeməlidir? Bəli. Bütün növləri yox, əsasən trepanq növləri. Hərçənd ki, dad deyilən bir şeyi yoxdur, əvəzində mineral maddələr, kalsium, ftor, dəmir, maqnezium, yod, habelə B, A, C, E qrupu vitaminlərindən boldur. Faydalı zadları balığın, mal ətinin tərkibindəkindən min dəfələrlə çoxdur. Amma 15 yaşınadək uşaqlara, hamilə qadınlara ondan dadmağı məsləhət görmürlər.

Çox ürəyiyumşaqdır dəniz xiyarı. Balaca balıq var. Adı da Carapidae. Körpə çağlarında çox gözüqırpıq, öz kölgəsindən hürkən balıq olur. 2000 metr dərinlikdə yaşayır, başına bir iş gəlsə qışqırığını eşidən də olmayacaq. Qalıb neynəsin, ağlına ideya gəlib. Təhlükə hiss edəndə başlayıb bu xiyarın içində gizlənməyə. Necə? Çerez JLo. “Bağışla, sən Allah, əlimyandıdayam, gümanım sənədi” deyib xiyarı razı salıb. Xiyar da fikirləşib ki, yəqin 1-2 saat oturub çıxar gedər işinə-gücünə. Nəsə bir xeylaq keçəndən sonra baxıb ki, bu birindən səs-səmir yoxdu, narahat olub ki, birdən başına bir iş gələr. Haçandan-haçana başa düşüb ki, bu Carapidae elə JLo-daca əməlli-başlı yaşayır, yeyir-içir, böyüyür… Həddi-buluğa çatanda da “it də yaşamaz burda” deyib elə gəldiyi yolla qapını çırpıb həmişəlik gedir.

Bu həyasız kvartirant çıxıb gedəndən sonra dəniz xiyarı nəhayət rahat nəfəs almağa başlayır. Yeri gəlmişkən, nəfəslərini də elə JLo-dan alırlar. Suyu içərilərinə qəbul edib lazımi oksigeni ondan alırlar.

Nəsillərini də çox ismətliyanə artırırlar: dişi yumurtaları səpələyir suya və çıxır gedir. Erkək də gəlir mayalandırır. Bəzi növləri balalarını öz bellərində böyüdüb başa çatdırırlar.

Dəniz ulduzları kimi bunlar da bədənlərinin hansısa hissəsiylə rahatca vidalaşa bilirlər. 5-6 həftəyə həmin hissə yenidən bərpa olur. Əksər növlərinin orqanizmlərində toksinlər də olduğu üçün vəhşi qonşuları çox da təcavüz etmirlər onlara. Təcavüz hiss edincə də qoruyucu vasitə kimi zəhərli köpük yaradan bağırsaqlarının toksik hissəsini çölə atırlar. JLo-dan.

Sağ olun.

https://www.instagram.com/aliakbarphotography

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir