Şərqi Afrikada yaşayan Çılpaq yerqazanın şəklini görüb çoxunuz “fu” deyəcəksiniz. Tərcümeyi-halına ötəri nəzər salanda isə paxıllığını çəkib qəlbinizin dərin guşəsində həsəd naləsini xoddayacaqsınız.

Razıyam, vidindən çiy sosiskaya oxşayır. Bütün günü də yerin altında yaşayır, yarım saatadək oksigensiz qala bilir. Amma onun vizit kartı qocalmamasıdır. Yer üzündə yaşayan canlılar arasında qocalmaq və uzunömürlülük nöqteyi-nəzərindən ən təəccüb doğuranıdır bu lütcənə. Orqanizmləri qocalmır. Ümumiyyətlə. Axırda özləri bezib ölürlər.

Alimlər 1974-cü ildə bunlardan birini gözaltı edib başlayıblar güdməyə ki, xeyir ola, bu niyə qocalıb eləmir, arada xəstələnmir? Bu da acıqca 28 il yaşayıb, axırda da deyib ki: “Gördüüüz? Di gedin indi baş sındırın”.

İnsanlar, əksər heyvanlar müəyyən yaş həddinə çatanda onlarda “sboy” getməyə başlayır, gah orası əyilir, gah burası. Bu da normal prosesdir. Normal olan həm də odur ki, istənilən bioloji növün qarşısında ana təbiətdən həm də nəsil artırmaq tapşırığı olur.

Vəhşi qonşularla əhatə olunmuş kiçik ölçülü heyvanlar tezbazar nəsil artırır, çünki hər an o dünyalıq olma ehtimalları var. Az da yaşayırlar. Məsələn, əksər kiçik gəmiricilər parta-partla nəsil artırır və cəmi 2-3 il yaşayırlar. Əksinə, heyvan nə qədər zırpı olsa, onun düşməni də bir o qədər az olur, tələsən yeri də yox, təbi gələndə balalayır, həyatı da qısa olmur. Yəni tam bir təbii konveyr halına salınmış həyat müddətidir.

Bəs görəsən bizim 30 qram çəkisi, 10 sm uzunluğu olan bu qəhrəman hansı gününə və nəyin hesabına həyatla qoz-qoz oynayır? Kişinin oğlu (qızı) özü-özünə gün ağlayıb. Girib yerin altında yaşayır. Özü də elə-belə necə gəldi yuva qazıb girib böyrü üstə qalmır orda. Əməllicə bütün sosial təşkilatçılıq məqamları nəzərə alınmaqla ölçüsü futbol meydançası boyda olan yeraltı qəsəbə tikirlər özlərinə: ayrıca yeyib-içməyə aparan tunel, uşaq bağçası rolunu oynayan “otaq”, ayrıca tualet…

Qarışqalardakı kimi kooperasiya və qarşılıqlı yardım çox inkişaf edib bunlarda. Əksəriyyəti işçilər, əsgərlərdir, hansıların ki alnına işləmək və qohum-qardaşları uğrunda ölmək yazılıb. Kimdən qorunurlar? İlanlardan. Özü də qorumaq deyirəm e sizə. Yerqazanımız təhlükə obyektiylə rastlaşınca o biri qəsəbə sakinlərinə siqnal göndərir. Onlar da öz növbəsində siqnal göndərənin olduğu yerdən digər yerlərə gedən tunelləri bağlayırlar. Bu mərd siqnalverən də təkbaşına düşmənə sinə gərir.

İşçi-əsgərlərdən başqa 2-3 qəsəbəyə bir erkək payı da düşür. Onun da vəzifəsi yəqin başa düşdüz nədən ibarət olur. Bu mötəbər sosial piramidanın başındaysa xanım Xura durur: dişi-kraliça. Adı kraliça olsa da, işi-peşəsi doğmaqdan ibarət olur. Özü də ildə 3-6 dəfə, hər dəfəsində də 20-dək çəkiləri 1 qram olan cubbulu lütcənə bala dünyaya gətirir. Balalara da Xura tək baxmır, olmayan zəri tökülər. Balacaların qayğısına xüsusi ayrılmış dayələr qalır.

Bir qəsəbədə 300-dək fərd yaşayır. Su zad da içmirlər. Mayeni elə yerin altından qidalandıqları Pyrenacantha malvifolia bitkisinin köklərindən alırlar. Qida görüncə də hurrey çəkib yeməyə daraşmırlar. Əvvəlcə yenə qəsəbə sakinlərinə siqnal göndərirlər ki, “Uşaqlar, yeyib-içmək var!”

Çılpaq yerqazanlar yaş ötdükcə lırtlaşmırlar, ateroskleroz, diabetdən əziyyət çəkmirlər, immuniteti, əzələ ve reproduktiv funksiyalarını qoruyub saxlayırlar. Ölənəcən elə cavanlıqda necə şux sıllaq atırdılarsa – elə də qalırlar. Öləndə də ya düşmənlə cırışmada ölürlər, ya da lap yaşlananda ürək çatışmazlığından.

Kəmiyyət baxımından genomları insanın və siçanın genomlarına oxşardır. Di gəl ki, keyfiyyət cəhətdən yerqazanlar digər məməliləri üstələyirlər. Yaş ötdükcə bizim və yerqazanın genomları özlərini müxtəlif cür aparır. Məsələn, insanda yaş artdıqca beyindəki sinir hüceyrələrinin sağlamlığına cavabdeh olan gen öz aktivliyini azaltdığı halda bunlarda əksinə, bu aktivlik artır.

Çox söhbətlər var e, başınızı ağrıtmaq istəmirəm. Onkoloji xəstəliyin qarşısını alan haqq-hesabları, dərilərində neyrotransmitterlərin olmamasına görə heç bir ağrını hiss etməmələri (bədənlərinə bir ovuc acı bibər də sürtsən, hətta kislota təsirinə məruz qoysan belə veclərinə olmayacaq)…

Vaxtında bu çılpaq yerqazanın hoqqalarını öyrənib qurtarsaydılar, Monika Beluççi də qocalmazdı, biz də onun yaşlanmış fotosunu paylaşıb dizimizə döyməzdik. Alimlər əmindirlər ki, yerqazanın sayəsində nə vaxtsa yaşla əlaqəli xəstəliklərin də qarşısını ala biləcəklər, ümumiyyətlə qocalmanı da sadəcə yaşlanmaya çevirəcəklər. Hələliksə əlində yesir qaldığımız COVİD ölsün!

https://www.instagram.com/aliakbarphotography

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir