Əlinizə 67.000 dollar düşən kimi o dəqiqə qaçırsız ev, maşın almağa. Xalxın kişiləriysə o pula keçi alır. Bir ədəd. Özü də Dəməşq keçisi (və ya şami).
Yox, süd əvəzi “Şato Muton-Rotşild” çaxırı sağmırlar ondan. Sadəcə ekzotik vidinin sayəsində belə tutub özünü. Həm də çox məhsuldardır.

Balaca olanda adam tutub çiy-çiy yemək istəyir onu. 30 sm-dək olan uzun qulaqlarından da bantik düzəldib servanta qoymaq keçir könüldən. Xüsəsən də üzünə qabaq tərəfdən baxanda. Di gəl ki, bir az böyüyəndən sonra çevrilib olur monstr. Profildən ona baxanda isə ümumiyyətlə adamın ruhu kişnəyir.

2008-ci ildə Səudiyyə Ərəbistanını bekarçılıq üzüb, götürüb keçi müsabiqəsi təşkil edib və bizim bu şəlpəqulaq da, eləmə tənbəllik, “Ən gözəl keçi” kimi 1-ci yeri tutub.

Erkək fərdin ən irisinin boyu 1 m, çəkisi 130 kq olur, dişi də – 75-85 sm/80-90 kq. Bala da dünyaya 4-5 kiloqramlıq vid-fasonda göz açır. 3-4 aya artıq 35 kq olur. Balanı anadan 2 gündən sonra ayırırlar ki, anasının südünü mənimsəyib istifadə etsinlər. Balanı süni yolla qidalandırırlar. Laktasiya dövrü 240-300 gün olur və bu müddət ərzində də 1000 litrədək südlə təchiz edir biz insanları.
Çox yerdə yaşamağa uyğunlaşıblar. Amma episentrləri Kipr, Fələstin, İsrail və Suriyadır. Yununa, südünə görə dəyərlidirlər. Amma deyirlər ki, ətini də yeyirlər. 67 min dollarlıq əti yemək olar ki? Adamın mədəsi ətdənər e…

P.S. Və mən belə başa düşdüm ki, o 67 minlik olmaq üçün gərək keçi də keçi ola, əməllicə əl gəzdirilə ona. Yəni hər sıravi şamilik deyil o qiymət.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir