Canavar deyəndə ilk olaraq məğrur bir canlı gəlir gözümüzün qabağına. Mütləq də alfa-erkək və ya alfa-dişi obrazında. Sürüləri, adətən, qohumluq xəttinin sayəsində yaranır. Amma buna baxmayaraq iyerarxiya haqq-hesablarına çox ciddi əməl olunur, böyük-kiçik, zəif-güclü, başçı-qulluqçu-filan söhbəti həmişə nəzarət altında olur.
Sürüdə alfadan (sürü başçısı) əlavə, bunun betası da var və onun ən son pilləsində omeqa-canavarı da. Adı ismətli səslənsə də, bu omeqa sürünün başıqapazlısı sayılır və heç bir canavar omeqalığından məmnun ola bilməz.
Çox tez-tez hallarda alfa və beta canavarlar bu biçarə omeqadan hirslərini soyutmaq, stress atmaq üçün istifadə edirlər. Evdə-eşikdə işləri düz gətirməyəndə, nəmm maaş gecikəndə, ov uğursuz keçəndə, bir sözlə, istənilən xoşagəlməz halda dəstə ilə bu omeqanı o ki var çiləyirlər, ta ki hirsləri soyumayınca. Amma nəzarət də edirlər ki, ağını çıxarmasınlar. Çünki it də olsa, qurd da olsa – özlərinkidir. Tam sıradan çıxmış omeqa heç bir sürüyə lazım deyil.
Hələ uşaq ikən alfa və betaların külfəti döyüş vərdişlərini itiləmək üçün məhz bu omeqadan istifadə edirlər, bir növ boks kisəsi kimi. Uşaq vaxtı bu, mırtlaşmağa bənzəsə də, sonradan omeqa artıq əməllicə zülm çəkir. Bu cür kisə rolundan əlavə, sürüdəki omeqa həm də öz aralarında sözü çəp düşən canavarları da sakitləşdirir, cupbulu nəslin nümayəndələri üçün hoqqalar verib başlarını da qatır. Buna rəğmən yemək süfrəsinə də ən sonda o əyləşir.
Bəzən buna dözməyən omeqa hər şeyə tüpürüb sürüdən ayrılır ki, gedib başına çarə qılsın, öz sürüsünü yaratsın-filan. Amma bu demək olar ki, mümkünsüz olur. Çünki özlüyündə omeqa-erkəklər həm də fiziki cəhətdən çox zəif olur və heç bir özünə hörmət edən dişi canavar beləsinin üzünə baxmır.
Adamın yazığı da gəlir. Amma bu, canavarlarda sürü həyatının tərkib hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir