Düzünü deyin, axırıncı dəfə nə vaxt ilbizə tumar çəkmisiz, hal-əhval tutmusuz, çanağına 5-10 manat basmısız? Allah bilə meyvə ağacında, tənəkdə görəndə ya tutub vızıllatmısız bir kənara, ya da dərman alıb səpələmisiz həmin yerə ki, ziyan verir, hə?

Amma o, cupbululuğuna baxmayaraq, çox da maraqlı varlıqdır. Özü də 600 milyon il əvvəl peyda olublar planetimizdə.

Götürək elə üzüm (tənək) ilbizini. Belə dalıyca danışmaq olmasın, cinsi sistemi hermofroditdir bu ilbizin, yəni arada bekarçılıqdan həm toxum, həm də yumurta hüceyrəsi hazırlayır qoyur ki, evdi də, birdən qəfil lazım olar. Cinsi orqanı da sortbasortdur, həm də yanbayan yerləşir. Ona görə də nəsil artırma prosesi də çox məzəlidir.

İki döyünən qəlb valideynləşmə proseduru ərəfəsində aferist-aferist bir-birilərinə baxırlar ki, görəsən bu dəfə ata olma şərəfi kimə qismət olacaq, analıq məzuniyyətinə çıxma şansı kimin üzünə güləcək? Həmin moment kişiliyi tutmuş ilbiz araya söz qatıb o biri ilbizin başını bişirib həmlə etmək üçün başlayır gic-gic söhbətlər eləməyə. Elə “Fikir verdin, o alma ağacındakı ifritə…” deməyə macal tapmamış bir də görür iş işdən keçib və o, artıq gələcəyin atası yox – anasıdır.

Buna səbəb ilbizdəki iynələrlə dolu olan xüsusi kisəcikdir. O iynəciklər ki, ilbizlər tərəfindən romantik proses zamanı əzələ gücü hesabına cinsi orqanlarından (bu orqanları da uzaqda deyil: sağ tərəfdəki buynuz cütlüyünün arxasında. Vidi də ağ ləkə kimidir) bir-birilərinə atılaraq bədənlərinə sancılırlar. Bu iynələr hər iki ilbizdə reproduktiv maddələrin yaranmasına xidmət edir. Özü də maddə deyirəm e sizə! Onu ilbiz görməmişləyinə salıb o dəqiqə istifadə etməyə də bilər. Qara gün üçün saxlayıb sonradan bəhrələnə bilir. Bəzən ilbiz saxlayanlar (bəli, belələri də var) təəccüblənirlər ki, 1 ildir evdə 1 ədəd ilbiz saxlayırlar və o qəfildən bala dünyaya gətirir (əksər növləri yumurta qoyur). Bu necə olur-filan? İndi artıq bilirsiz necə olur.

Nə isə, tutdu qatıq, tutmadı ayran söhbəti. Bu iynələşmənin nəticəsi də hansının ata, hansının ana olacağına qərar verir.

Yeri gəlmişkən, bir ara Avropada insanlar nətər basıb yedilərsə bu tənək ilbizlərini – yazıqların az qala kökü kəsilə. Fransa, Almaniya, Avstriya, İsveçrədə qanunla qorunanlardandırlar. Ona görə də xüsusi fermalarda bəsləyirlər onları (Yunanıstanda, məsələn), kilosunu da 5 ABŞ dollarına satırlar o biri ölkələrə. Delikates kimi. Ətləri 10% zülal, 30% yağ, 5% karbohidrat, B6, B12 vitaminləri, dəmir, kalsium, maqneziumla zəngindir.

Özlüyündə Yer üzündəki ən çoxdişli canlılardan sayılır bu ilbizimiz: 25 minədək dişi var, hamısı da sürtgəc (tyorka) kimi işləyir.

8-10 il yaşayıb bizi tərk edənləri də olur, dəyib-dolaşanı olmasa hətta 20 il də.

Dəqiqədə 7-cə sm yol qət edirlər. Bu hələ bütün ilbiz növləri arasında ən sürətlisi sayılır. Normalda ayaq hissəsi 3-5 sm olan bu ilbizin meyli çəksə 8-9 sm-dək uzana bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir