Bir dənə maral növü var, adı da muntjak. Bütün nə ki, otyeyən heyvan var – hamısının zəhləsi gedir ondan. Paxıllıqdan. Çünki muntjak təkcə ot yeməklə kifayətlənmir. O həm də ət yeyir. Başqa otyeyən həmmarallarına yer eləyən erkək muntjakın köpək dişləridi həm də. Hər dəfə rastlaşanda “Maralsan da, o nə dişlərdi, sən Allah?!” deyib həyatdan küsdürmək istəyirlər muntjakı. Amma muntjakın heç dişinə də deyil bu cür münasibət. Acıqca hürməyi də öyrənib dağ çəkib paxıl həmkarlarına. Ölçüləri müasir ortabab it ölçüsündə olur.

Cənub-şərqi Asiyada 60 milyon ildən çoxdur ki, yaşayıb-yaradan bu maralımızın özündə amma 1 qram da olsa paxıllıq yoxdur. Asudə vaxtlarında yığır başına otyeyən maral-zebra-begemot-filanları və master-klass keçir onlara, milyon illərdir firavan yaşamağı barədə öz təcrübəsi ilə bölüşür.

İlk tövsiyəsi o olur ki “A tupoylar, təkcə otla uzağa gedəmməzsiz, ət də yeyin, ümumiyyətlə nə gəldi yeyin. Mən, məsələn, üzümə demək olmasın, hər gün ot yeməkdən bezərəm. Arada quş da tutub yeyirəm, nəmm kərtənkələ zad da. Leş yeməyi mənliyinizə sığışdırmırsız, amma mən sizin kimi forslu deyiləm, onu da yeyirəm”.

Növbəti tövsiyəsi o olur ki “Naz-qəmzəylə ildə 1 dəfə minnətlə nəsil artırmayın, bunu ilboyu edin, zəriniz tökülməz”. Yeri gəlmişkən, o köpək dişləri muntjaka məhz subaylığın daşını atanda lazım olur: rəqibləriylə dişi üstə qırğına çıxmaq üçün. Cupbulu muntjakcığaz ana bətnində 6-7 ay olur, doğulandan sonra da 1 il anasının ətəyindən əl çəkmir.
Ən axırıncı tövsiyəsi də o olur ki “Açıb qoymayın özünüzü ortalığa, maskalanmağı öyrənin”. Muntjakların özləri elə məharətlə maskalanırlar ki, onların bəzi növlərini ilk dəfə yalnız XX əsrin 90-cı illərində tapıb maral arasına çıxarıblar.

Asiya uşaqları olmalarına baxmayaraq, muntjakların səs-sorağı Avropa, Amerikadan da gəlir. Nə vaxtsa insan övladına qoşulub gediblərmiş oralara.

Bütün dünya milyon illər ərzində dəyişikliyə uğrayıb, 10 ilədək yaşayan muntjaklarsa dəyişilməz qalıb. Nəylərinə lazım…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir