Vahiməlilərin ürək sözləri

Bir filosof vardı, Halil Cibran. Bekar vaxtında qayıdıb deyib ki “Dostum, göründüyüm kimi deyiləm… Görünüş sadəcə geyindiyim bir paltardır”. Bu kəlməni də kim əlində bayraq eləsə yaxşıdır? Görünüşü vahiməli, adı tükürpədici balina köpək balığından, quşyeyən-qoliaf hörümçəyindən tutmuş ta ki vampir yarasalar, baltacıq balığı, sarıquyruq əqrəbəcən.
Ümumiyyətlə heyvanlar aləmində adları çıxınca canlarının çıxmasına razı olan çox canlı var. Əslində onlardan hürkməyimizə görə bizi qınamırlar, başa düşürlər ki, qismətlərinə yazılmış vid-fasondan artıq yemək olmaz. Amma ürəkləri doludur, hər biri xəcalət çəkə-çəkə də olsa dərdləriylə bölüşməyi özlərinə borc bildilər.
Quşyeyən-qoliaf hörümçəyi: “Vallah, mən də sizin yerinizə olsaydım, məni görəndə qışqırığım dağ-daşa yayılardı. Hərdən gölməçədə-zadda öz əksimi suda görüb 1-2 saniyəlik şokdan dilim qatlanır. O alman rəssamı Mariya Sibille Meria da ağlar qalsın. O vaxt götürüb olduğumdan da vahiməli viddə, ağzımda da kolibri quşu pozasında şəklimi çəkib bir adımı iki eləmişdi. Allah razmerimi də kəssin, 4-8,5 sm (erkəklər), 7-10,4 sm (dişilər)! Ata tərəfdən bir mal qohumumuz vardı, səhər durub gərnəşən moment bir də baxıb ki, kimsə əlində xətkeş əl-ayağını yanlara açanda ölçüb bunun razmerini gedib: 28 sm! Bu insan övladı hürkməsin neyləsin? Zəhərim var? Olsun da. And içirəm ki, o zəhərə tuş gəlsəz, elə biləcəksiz hansısa şərəfsiz arı əlüstü dişlədi sizi getdi. Yəni o dərəcədə ruhunuz inciməyəcək”.
Balina köpək balığı: “Böyüklərdən də üzr istəyirəm, sözün əsil mənasında boyumu yerə soxsunlar: 15-20 metr! Elə onun ucbatından məni görən-görən çıldaqlıq olur. 13-18 tonam, danmıram. Amma bir soruşun görün nəylə qidalanıram? Cupbulu plankton, balıqlarla. 200-1000 metr dərinlikdə gəzib-dolaşıram, sürətim də saatda cəmi 5 km. Dünyasında insana hücum etmərəm. İndi nə olsun ki, 15 minədək dişim var? Eləmirəm də insana hücum, qardaş, diş mənim deyil? Eləmirəm! İsmətli xasiyyətimə bələd olan dalğıclar hətta belimdə sualtı gəzintiyə də çıxırlar. Qram səsimi çıxarmıram”.
Baltacıq balığı: “O vəhşi piranya balıqlarını Allaha tapşırmışam. Eyni yerdə – Amazon çayında yaşayıram onlarla. Vidimiz də tərslikdən oxşardır deyə elə bilirlər mən də onlardan biriyəm. Amma böyük-kiçik bilməkdə, ədəb-ərkanda o adını təkrarlamaq istəmədiyim vəhşilər mənə heç yaxın da dura bilməzlər. İndi həyatdı da, dağ dağa rast gəlməsə də, insan baltacıq balığına rast gələ bilər. Çox xahiş edirəm, birdən qarşınıza çıxsam, o dəqiqə dabanınıza tüpürüb qaçmayın. İmkan verin bir özümü təqdim edim. O Amazona kor baxım əgər sizə güldən artıq söz desəm ya nito hərəkət eləsəm.”
Quyruqlu telifon: “Bax, mən olmayım – siz olun. Doğulandan əqrəblə hörümçəyin qarışığına oxşar bir məxluq vidindəyəm. Neyləməliyəm indi? Təbiəti məhkəməyə verməliyəm? Əqrəb kimi özümü axırıncı yola qoyub heç bir insan övladını sancmıram. Belə hərdən olur e, kimdənsə qəfil təhlükə-zad hiss edəndə qeyri-ixtiyari olaraq vəzlərimdən maye fışqırıram. İndi telifonam da, bu da olsun mənim zəif yerim. Keçin bunu mənim 12-cə sm-lik boy-buxunuma”.
P.S. Çox həssas qəlbli olduğuma görə o birilərini eşitməyə day ürək qalmadı məndə…

 

Paylaş:

Bir filosof vardı, Halil Cibran. Bekar vaxtında qayıdıb deyib ki “Dostum, göründüyüm kimi deyiləm… Görünüş sadəcə geyindiyim bir paltardır”. Bu kəlməni də kim əlində bayraq eləsə yaxşıdır? Görünüşü vahiməli, adı tükürpədici balina köpək balığından, quşyeyən-qoliaf hörümçəyindən tutmuş ta ki vampir yarasalar, baltacıq balığı, sarıquyruq əqrəbəcən. Ümumiyyətlə heyvanlar aləmində adları çıxınca canlarının çıxmasına razı olan çox…

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir