Gülünə dodaq qonmuş bitki

“Dodağına gülüş qonub” söhbətini azdan-çoxdan xırdalamışıq. İndi də gəlin, “Gülünə dodaq qonub” məsələsinə əncam çəkək. Səbəbkarımız da Ancelina Colinin dodaq sarıdan günübacısı Palicourea elata bitkisidir.
Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində kolibri quşlarını, kəpənəkləri yoldan çıxaran bu nadir bitkinin öz doğma yurdunda 2 metrlik (və daha çox) boy-buxunu var. Ev şəraitində dibçəyin ümidinə qalanda isə 60-70-cə sm boy atıb dayanır.
Gördüyümüz gözəgəlimli “dodaqlar” əslində görkəmini dəyişmiş “gülöncəsi” yarpaqlarıdır və bu cür iştahaçanlığı bitkidə yalnız 1 həftə-filan olur. Elə ki, kolibrilər, kəpənəklər dodağiçi qaz vurub-qazan doldurub gedirlər işlərinə-güclərinə, bitkinin tozlanma sezonu da başa çatır. Başlayır o biri üzünü göstərməyə və nəticədə meyvələşməyə start verir. “Dodaqların” arasından ağ və açıq sarı rəngli xırda güllər baş qaldırır. Onlar da bir müddət fors edəndən sonra estafeti meyvə boğçasına ötürürlər.
Meyvələr yetişdikcə şux yaşıl rəngli yarpaqların fonunda göy rəngə boyanıb kolibriləri yenə də onlara pis gözlə baxmağa vadar edirlər.
Hələ ki, tam hayıl-mayıl olmamısız deyim biləsiz: “dodaqlar” hər zaman qırmızı rəngli olmur. Arada yaşıl, çəhrayı, hətta qara rənglisi də olur.
Əvvəllər Palicourea elata dodağını aşağı salıb sakitcə öz işini görürdü. Bir çox yerli qəbilələr bu bitkinin kökündən, yarpaqlarından müxtəlif dəri xəstəliklərinin müalicəsində, bəzən isə təngənəfəsliyin, öskürəyin aradan qaldırılmasında istifadə edirdilər. Amma meşələrin nəzarətsiz qırılması nəticəsində gül kimi gül indi “Qırmızı Kitab”a möhtac qalıb.
Bayaq qeyd etdiyim kimi, ev şəraitində də bəslənə bilərlər. Amma çox ərköyün olduqları üçün bəslənmə şərtləri də çox sərtdir. Bizdə satışda varmı? Bunu da mən eləməyəcəm ki yerinizə. Sorağlaşın bir.
Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir