Ata gücə düşür ölür, ana da gah oğullarını yeyir, gah qızlarını…

Sizə məzəli bir ailədən danışacam. Ata gücə düşür ölür, ana da gah oğullarını yeyir, gah qızlarını. Qəhrəmanımız Avstraliyada yaşayan qəhvəyi antexinusdur. Bilirsiz də, Avstraliyada kisəsi olmayana pis baxırlar. Bunda da var o kisədən.

İş elə gətirib ki, erkək fərdləri 1 il, dişiləriysə 2 il-filan yaşayır. Məşəqqətli həyatının ilk 10 ayını erkək özünə qulluq edir: yeyir, içir, az hərəkət edib şellənir bütün günü. 10 aydan sonra qəfildən yadına düşür ki, həyatının sonuna cəmi 2 ay qalıb, amma nə kisəsi dişi kisəsinə dəyib, nə də oğul-uşaq sahibi olub. Qoyur üstünə gedir dişi axtarmağa. Tapdıqca da dartır çıxarır yazığı yuvasından və bir neçə saat ərzindəki fasiləsiz əməyi nəticəsində dişini kisəsi uşaqlı edib gedir növbəti axtarışa. Özü də bu zaman nə qidalanır, nə də yatır. Fikri-zikri elə əməyində olur. Beləcə düz 2 ay neçə-neçə dişi antexinusa analıq sevinci bəxş edir. 2 aydan sonra da təbii ki, şilküt olur, amma yenə də əməyindən əl çəkmir. Ta ki əmək ondan əl çəkincə. Missiyası bitir və əməksevər erkək antexinus taqətsizlikdən ölür.

Fakt qarşısında qalan dişi məcbur olub körpələrini dünyaya gətirir. Həyatı boyunca cəmi 2 dəfə “mama” deyəni olur. O cür kişisi olanın təbii ki, arvadında da az olmamalıdır. Deməli, bu ana olan bəndə ilk doğuş kampaniyasında dünyaya gətirdiyi bütün qız övladlarını… yeyir. Çünki qızı böyüyüb mamasının sevgililərini əlindən ala bilər. Maması da qalar məəttəl. Ona görə də dişi kisəsini qoyur qabağına, qızlarının aferist sifətlərinə baxıb “Ay siz öləsiz elə!” deyib hamısını basıb yeyir. Qalan oğlan uşaqlarını bəsləyib boya-başa çatdırır.

Vaxt-vədə yetişir, doğuş kampaniyasının 2-ci seriyasında dişi yenə kisəsini qoyur qabağına. Bu dəfə qızları mamalarının baxışlarından tuturlar ki, işlər nəsə şuluqdu, o dəqiqə “Mama, Allah haqqı söyüş qoymuşuq…” deyəndə müdrik ana çolkasını arxaya ataraq qızlarının sözünü kəsir: “Mənim mələk balalarım, heç qıyarammı? Özü də siz böyüyüncə ananızın kişi-filan hərləməyə artıq halı qalmayacaq, soxarsız gözünüzə!” və bu dəfə gədələri basıb yeyir. Çünki oğul övladına qulluq etmək daha çətindir və ana antexinus ahıl yaşında özünü əziyyətə salmaq istəmir, bütün gücünü qızlarına sərf edir.

Anadı da!..

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir