Cənubi Amerikada bir quş var – qoatsin. Belə qəşəng, rəngbərəng vidi, gözəgəlimli, basıb yeyiləsi əndamı var (ölçüsü 70 sm, çəkisi 700-800 qram). Amma hamının zəhləsi gedir ondan. Ən posledniy ac heyvan, ya insan da onu yeməkdən vaz keçir. Quşun hətta bir az pisinə də gəlir ki, “Bir ağacdələncə də olmadım ki, tutub dişlərinə çəksinlər məni?!” Səbəbini bir azdan deyəcəm.

Əvvəlcə alimlər onları toyuqkimilər dəstəsinə aid etmək istəyirdilər. Amma sonra görüblər ki, bir qram toyuqluqları yoxdur, fikirlərindən daşınıb elə ayrıca qoatsinkimilər ailəsi düz-qoş ediblər bunlar üçün.

Həyatlarının əsas hissəsini su hövzələrinin yaxınlığındakı ağaclarda keçirən qoatsinlərin menyularının 80%-ni yarpaqlar, qalan 20%-ni isə çiçək və meyvələr təşkil edir. Dünyasında bir qarışqa belə yeməzlər. Bitkilərin tərkibindəki sellülozanı əksər quşlar zülmlə həzm edir. Amma qoatsinlər o əksərlərdən deyillər. Çünki orqanizmlərində mini zavod qurublar. Hansı ki, mədəsi açıq, üzü ağ şəkildə bu məsələnin öhdəsindən gəlir. Zavodun əsas işlək hissəsi ölçüsü böyüdülmüş, içi bakteriyalarla vız vuran zobdan ibarətdir. Elə o bakteriyaların hesabına da sellüloza parçalanır. Zobun ölçüsü də o qədər böyük olur ki, qoatsinin sinəsinin mostu qaçır və quşun adam kimi uçmasına mane olur. Uçurlar e, elə-belə, yalandan, 300-400 metrə.

Yaxşı, bəs bunu niyə dişinə çəkən yoxdu? Elə o zavoda görə. Yarpaqlarda olan sellüloza və bitki toksinlərinin parçalanması inək peyininə bənzər xüsusi bir qoxunun ayrılması ilə müşayiət olunur. Nəticədə bunlara şikar kimi baxan da olmur. “Minnətiniz olsun, cəhənnəmə yeyin” deyib qoatsinlər it iyi verə-verə şad-xürrəm yaşayırlar.

Düzdür, balaları bir o qədər də iylənmir. Ona görə vəhşi quşların yeminə çevrilə bilərlər. Amma ana təbiət onları qanadlarının ucunda dırnaqlarla təmin edib. Lap qədim arxeopteriksdəki kimi. Təhlükəli anda bala atır özünü yuvadan aşağı, birbaşa suya. Ara sakitləşəndə də dırnaqlarıyla dırmaşır ağacdakı yuvasına. Bir müddət sonra balanın dırnaqları yox olur və əvəzində biədəb qoxu sahibi olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir