Afrika

Afrika kəlləri «mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar

 Fotoları çəkdiyim məkan: Mörçison qoruğu (Uqanda)

Afrika kəli zahiri görünüşdən dilsiz-ağızsız cuvanəzənə bənzəyir, amma xətrinə dəyəndə çox təhlükəli bir monstra çevrilirlər. «Mənəm-mənəm!» deməklərinə görə ancaq timsah və begemotlardan geridə qalırlar.

 Orta çəkiləri 700-800 kiloqrama çatan bu cütdırnağlıların bədəninin ölçüsü 3 metrdən də çox ola bilər. Qoca fərdlər var ki, çəkiləri 1 tonadək olur! Dişilər erkəklərdən daha xırda və açıq rəngli olur. Buynuzları da dahakiçik ölçülü.

 Qara kobud xəzləri yaşlandıqca seyrəlib və tam keçəlləşir. Dərilərinin qalınlığı 2-3 sm olub xarici təsirdən qorunmağa imkan verir.

  Fotolardan da göründüyü kimi, kəllələri çox aşağıda yerləşir. Qabaq ayaqları arxadakılardan daha güclüdür.

 Buynuzları da çox orijinaldır. Hər birinin uzunluğu 1 metrə çatan buynuzlar alından şaxələnməyə başlayır və özlüyündə də elə möhkəm sipər yaradırlar ki, onları bəzən heç ov gülləsi ilə də dəlib keçmək mümkün olmur.

 Görmə qabiliyyətləri pis inkişaf edib. Ətrafda baş verənlərdən eşitmə və qoxuduyma hesabına xəbər tuturlar.

  Gün ərzində 40 litrədək su içirlər və su hövzələrindən 4-5 kmdək artıq məsafəyə aralanmırlar.

 Canlı təbiətdə 20 ilədək, heyvanxana filanda isə 25 ilədək yaşayırlar.

  Öz əraziləri sərhədlərdinən kənara çıxmayaraq 100-dən çox fərddən ibarət olan böyük sürü halında yaşayırlar. Hər sürü 60% baladan ibarət olur. Amma arada tənha kəllərə də rast gəlmək olur. Bunlar, adətən, yaşlı, sürüdə digər həmkəlləriylə dil tapmayan fərdlər olur. Belələri səbəbsiz yerə ona-buna hücum da edə bilərlər. Hətta insanlara da.

  Bitki ilə qidalanırlar. Gün ərzində bir kəl 100 kiloqramadək göy-göyərti yeyə bilir. Amma belə də nə gəldi ötürmürlər, ancaq xüsusi sort bitkilərlə qidalanırlar.

  Bütün yaz fəsli boyunca nəsil artırmaqla məşğul olurlar. Hamiləlik dövrü 10-11 ay davam edir. Təzə doğulan qəhvəyi rəngli kəlin çəkisi 40 kiloqramadək olur. 1 aylıqlarından körpələr də otlamağa başlayırlar, amma paralel 5-6 ay ana südü ilə də qidalanırlar. Gün ərzində 5 litrədək süd içirlər. Erkək kəllər 2-3 il analarından uzaqlaşmırlar. Müddət tamam olandan sonra baş götürüb gedirlər. Dişilər isə doğulduqları sürünü heç vaxt tərk etmirlər.

  Düşmənləri azdır. Aslanlar, timsahlar. Onlar da, əsasən, sürüdən ayrı düşmüş və ya yaralı kəlləri təkləyə bilərlər. O cümlədən bala kəllər də onların qurbanı olur. Kəllərə sataşanda çox aqressiv olurlar və çox zaman təhlükəyə düşmüş qonum-qonşuya köməyə gəlirlər. Yeri gələndə saatda 57 km sürətlə çapa bilirlər.

 Çox nadir hallarda səsləri çıxır. Ancaq təhlükə filan anlarında. Hərçənd ki, arsenallarında 10-dan çox müxtəlif səs variantları var. Öz aralarında quyruqlarını və bədənlərini tərpədməklə ünsiyyət yaradırlar.

Sizə maraqlı ola bilər...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir