Sakuddey qəbiləsindəki bu cür ənənəvi, qapısız evdə qalırdıq. Cəngəlliyin ortasında. Yatanda da elə həsirin üstünə özümüzlə gətirdiyimiz döşəkçələr salınırdı, ağcaqanad filandan qorunmaq üçün də xüsusi zad vardı. Divar dediyiniz də demək olar ki, yoxdur, eləcə taxtalardan sanki bəzək üçün yapışdırıb nəsə divarvarı bir şey düzəldiblər. Sanballı olan tavan idi. Döşəmə də taxtalardan düzəldilmişdi, intəhası aralarında bir ovucluq məsafə.

Gecə cəngəllikdə bildiyiniz zülmət qaranlıq olur. Həsirimə qısılıb yatırdım. Bir də hiss eləyirəm üzümdə nəsə əyləşib. Özü də qurt-quşa da bənzəmir çəkisindən, nəsə əndamlı bir şey idi. Yuxulu-yuxulu əlimlə qovmaq istəyəndə “şapppp” səsinə yuxum qaçdı. Əlimi atıb telefonun fənərini yandırdım, baxıram baş tərəfdə yetimçə simalı bir siçanvarı varlıq (siçana oxşayırdı, amma bir az daha cüssəli) qısılıb küncə, baxışlarıyla da “it kimi peşmanam, sən canı bir dərmə-deşik aç cırım aradan” deyirdi. Qaldırdım o ağcaqanad zadını, bir saniyəyə yox oldu.

Birdən elə bilərsiz səhərəcən oyaq qalmışam. Srazu yatdım.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir