Yaponiya

Yaponiyanın ən hündür nöqtəsi Fuciyama dağının zirvəsi sayılır

Bir az da dağ-daşın qeybətini eləyək. Məsələn, Yaponiyanın Honsü adasının Sakit okean sahilində yerləşən Fuciyama (Fuci) dağının. Bir dəfə necə oldusa özüm öz ayağımla gedib onun zirvəsinə çıxdım. Day xəcalətimdən necə çıxdımsa onu demirəm, amma şəkillərini çəkməyə bir balaca halım qalmışdı. Deməli:

🗻 Fuciyama özlüyündə aktiv vulkandır. Düzdür, sonuncu dəfə 300 il əvvəl vay-şüvənlik salıb. İndi onun zirvəsində sintoit məbədi, poçt şöbəsi və metereoloji stansiya var.

🗻 Yaponiyanın ən hündür nöqtəsi elə Fuciyama dağının zirvəsi sayılır. Hündürlüyü dəniz səviyyəsindən 3776 metrdir.

🗻 Müasir Fuciyama təqribən 10 min il bundan əvvəl, vulkanın inkişaf dövründə formalaşmağa başlayıb.

🗻 Sonuncu püskürmə zamanı vulkanın havaya atılmış külü 90 kilometrdən də artıq məsafədə yerləşən Edo şəhərinin küçələrinə mübarək olsun eləmişdi. Hal-hazırda Edonun yerində Tokyo şəhəri yerləşir.

🗻 İlin 10 ayı Fuciyamanın zirvəsi qarla örtülü olur. İyul və avqust ayları zirvəni fəth etmək üçün ən əlverişli aylardı.

🗻 Hər il Fuciyamanı 200 minədək adam ziyarət edir ki, bunların 3/2 hissəsi elə yaponların özləri olur.

🗻 Yaponiyada yeganə pullu WC-lər Fuciyamanın zirvəsinə qalxan yol boyunca yerləşib. Qalanları pulsuzdur. Həmçinin müəyyən məsafədən sonra dincəlmək üçün otaqlar da var. Amma, nədənsə, hamı, o cümlədən də mən, birnəfəsə qalxdıq. Düzdür, arada nəfəsim ümumiyyətlə yoxa çıxırdı, amma əsas qalxdım ki 

🗻 Fuciyama – şəxsi mülkiyyətdir. Hələ 1609-cu ildə o vaxtın hökmdarı onu Böyük Homqu Sengen məbədinə verib. 1974-cü ildə isə Yaponiyanın Ali Məhkəməsi bu sənədin həqiqiliyini bir daha təsdiq edib.

🗻 Fuciyamada qeydə alınmış ən aşağı temperatur -38 C olmuşdur. Ən yüksək isə – +18 C.

🗻 Yaponiyadakı bir çox buddistlər hesab edir ki, Fuciyama o biri dünyaya keçid üçün qapıdır.

🗻 Zirvəni fəth edən ilk qadın ingiltərəli ledi Fanni Parks olub (1867-ci il). Bundan əvvəl 110 il ərzində zirvəyə qadınların çıxmağına qadağa qoyulmuşdur.

Yadımda ikən deyim, zirvəyə çıxanda xüsusi qablaşdırmalarda oksigenin (kislorodun) satıldığını gördüm. Kaş alaydım… Hə, bir də şəkildə gördüyünüz bol vitamin və minerallardan ibarət enerji jeleləri də satılırdı. Onlardan amma malcan yedim.

Sizə maraqlı ola bilər...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir