Afrika

Katib quşu: ilanların qənimi

Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)

İlancıllar və ya katib quşu (rusca – птица секретарь, latınca – sagittarius serpentarius) Afrikadakı ilanların 1 nömrəli düşmənidir. Elə buna görə də bu quş yerli əhali arasında yetərincə hörmət-izzət sahibidir. Bəzi kəndlərdə zəhərli ilanlardan, siçan və siçovullardan qorunmaq üçün də onu saxlayırlar. Quşun gərək quşu olsun: hətta Sudan və CAR-ın gerblərində də katib quşu əks olunmuşdur.

 Böyük Səhranın cənub sərhədlərindən tutmuş ta Afrikanın cənubuna kimi geniş bir arealda yayılıb.

 Uzun ayaqlarına görə bir suyu leyləyə də oxşayır, amma bunun çıxdığı hoqqalar leyləyin heç yuxusuna da girmir. Əslində bu quşun yaxın qohum-əqrabası şahin və qırğılardır.

 Özlüyündə ölçüləri sanballıdır: 125-150 sm boy-buxun, qanadlarını açanda isə 2 metrədən də çox olur. Amma belə quş kimi yüngüldür: cəmi 4-5 kiloqram. Erkək fərdlər dişilərdən bir balaca cüssəlidir ki, bu da onları bir-birindən fərqləndirən yeganə meyardır.

 Başındakı bir neçə kəkili də onu başqa quşlardan fərqləndirir. Elə bu kəkillərinin hesabına da bu adı onlara qoyublar: keçmişdə məhkəmə katibləri öz pariklərinə qələm kimi istifadə etdikləri ördək lələklərini bu cür taxmağı xoşlayırdılar.

 Avara-avara bütün günü gəzməyi xoşladıqlarına görə (gün ərzində 30 kilometrədək məsafə qət edə bilirlər) ayaqlarının aşağı hissəsi çox uzundur. Qısa, lakin çox güclü barmaqlarının hesabına ilanlara ölümcül zərbələr endirirlər (bu barədə az sonra).

 Sürətlə uçmaqla araları yoxdur, əvəzində yerdə güllə kimi cəlddirlər. Uçmaq üçün gərək bir xeylaq tər töksünlər, amma havada artıq çox sanballı görsənirlər.

 İyun-avqust aylarında ailə qururlar. Monoqam olaraq öz övrətləri ilə ömürlərinin sonuna kimi qalırlar. Ev-eşikləri hündür ağacların başında tikilir. Diametri 150 sm-dək oln bu imarətlərində 1-3 yumurta qoyurlar. Yumurtaların qayğısına ancaq dişi fərd qalır. 8 həftədən sonra bala dünyaya gəlir, 2 aydan sonra isə dədə-baba ocağını tərk edib sərbəst həyata start verir.

 Artıq qeyd etdiyim kimi, katib quşunun ən sevimli qidası ilanlardır. İlanı görüncə də sevincək olub birbaşa üstünə cummurlar. Əvvəlcə əyri-üyrü xəttlərlə ilana sarı qaçır, biçarə ilan da baxır başa düşmür ki, bu naqayrır, hardan hücum edəcək, nətər taptalayacaq onu? Bütün bu suallara cavab tapınca möhkəm ayağı ilə quş bir neçə dəfə ilana zərbə endirərək onu sıxmağa başlayır və ən sonda da dimdiyi ilə final zərbəsini endirir. İlan sırtıqlığına salıb bundan sonra da sağ qalsa, quşumuz bir qanadından qalxan kimi istifadə edib ilanın hücumundan özünü müdafiə edərək kənara sıçrayacaq. Əlavə metod kimi şikarını dimdiyinə alıb uçaraq hündürlükdən yerə çırpmaqla da onu qidaya çevirir.

 İlandan başqa menyularında qurbağadan tutmuş ta kiçik məməlilərəcən var. «Uf» da demədən başqa quşların yumurtalarının da dadına baxa bilər, yeri gəlsə hətta tısbağaların çanaqlarını da viran qoyub öz rasionlarına delikates kimi də əlavə edə bilirlər.

Sizə maraqlı ola bilər...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir