📷  Fotoları çəkdiyim məkan: Tanzaniya

Qaldığımız kiçik otelin eyvanı elə birbaşa vəhşi təbiətxanaya baxırdı. Düz eyvanın böyründə də, fotoda gördüyünüz kimi, bu marabu dayanmışdı. Əvvəl elə bildim heykəldi, yaraşıq üçün qoyblar. Çünki elə nə vaxt çıxıb baxırdım – eyni yerdə, eyni pozada dayanmışdı. Hərəkətə gəldi nəhayət və gördüm ki, bu əməllicə diri imiş. Leyləkkimilər sinfinin nümayəndəsi olan Afrika marabusu zahirən kərkəsə də çox oxşayır. Elə həyat tərzində də oxşarlıqlar çoxdur: kərkəs kimi bu da leşlə qidalanmağa üstünlük verir.

✯ Böyük Səhradan cənubda, Afrikanın əksər yerlərində yayılan bir quşdur. Bataqlıq yerləri bol olan məkanlar üçün sino gedir. Elə savanna üçün də, çünki orda şərait istədiyi kimidir və yeyib-içmək olan yerləri daha tez görə bilir.

✯ Boyu metrə yarımdır. Çəkisi də 9 kiloqramadək. Bu boyda cəmdəyi yedirtmək üçün gündəlik 1 kiloqramadək azuqə tələb olunur.

✯ Leyləklər kimi nazik dimdikləri olmasa da, uzun və arıq ayaqları var. Dimdik demişkən, onun hesabına arada çaqqal, kaftar (giyena) və kərkəslərin də gününü qara eləyir: leş üstə qırğına çıxanda kolleqalarını nəyi var dimdikləyib uzaqlaşdırır.

✯ Pərvazlananda leylək kimi boynunu irəli uzatmır, əksinə, kərkəs kimi əyib saxlayır. Kərkəsə digər oxşar cəhəti – başında tükün az olmasıdı. Bu da cuşa gəlib başlarını leşin iç-çalatına dürtüştürmək üçün çox rahatdır. Həm də lələk filanları olsaydı leşin içində var-gəl edəndə mütləq qana bulaşacaqdı ki, bu da öz növbəsində sonradan müxtəlif parazitlərin əmələ gəlməsinə şərait yaradacaqdı.

✯ Leşdən başqa menyularında balıq, qurbağa, kiçik məməlilər, hətta bala timsahlar, digər quşlar da var. Bir sözlə, dimdiyinə düşən bütün xırda canlı nə varsa – ötürür içəri.

✯ Bir çox quşlar kimi, marabu da həyat yoldaşıyla ömrünün axırına kimi şad-xürrəm dolanır. 4 yaşında ailə qurur. Yuvalarını ailə podrat üsuluyla birgə qururlar. Elə yumurtadakı gələcək nəslin qayğısına da duet şəklində qalırlar. 4-5 aylığında balalar valideynlərini tərk edib sərbəst həyata vəsiqə qazanırlar.

✯ 25 ilədək yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir