Fotoları çəkdiyim məkan: Tanzaniya

✯ Afrika safarisinin ən möhtəşəm mənzərəli məkanlarından biri olan Nqoronqoro biosfer qoruğu 9000 kv km-lik ərazini tutur. Belə baxanda adama elə gəlir ki, bu krater nəhəng kometin yerə düşməsi nəticəsində əmələ gəlib. Əslində isə 2,5 milyon il əvvəl bura vulkan kollapsı nəticəsində, sözün əsil mənasında, 600 metr dərinlikdə yerə girmişdir. 
Sıx meşəli dağları, minlərlə cütdırnağlının qarınlarını doldura biləcəyi çəmənləri, flaminqoların meydan oxuduqları Maqadi göllü – nə desən var bu cənnət guşədə.

✯ Nqoronqoronu forsundan yerə-göyə sığdırmayan 20 kilometrlik diametri, 600 metrlik dərinliyi olan nəhəng vulkan krateri onun vizit kartıdır. Bu kraterin çuxurunda 25 minədək (!) vəhşi heyvan can deyib-can eşitməyə cəhd göstərir, amma arada aslanlar bu idilliyaya zəhər qatıb zebra-kəlləri peşman edirlər. Yeri gəlmişkən, çox nadir ov səhnəsini də məhz elə burada gördük: aslanların zebranı ovlamağının şahidi olduq, videoya da çəkə bildik. Meyliniz çəksə xəbər edin – linklə paylaşım. Onu deyirdim axı, bu çuxurda zebralar, antiloplar (qnu, kanna, konqoni), ceyranlar, kəllər, vəhşi Afrika qabanları, aslanlar, leopardlar, gepardlar, kaftarlar, çaqqallar, bataqlıq hissəsində fillər, begemotlar, babuinlər, dağ ətəyində dağ keçiləri, dikdik antilopları əməllicə məskən salıblar. Və, əlbəttə ki, nadir heyvanlardan olan qara kərgədan.

✯ Buradakı Olduvay dərəsində 1,8 milyon yaşı olan insan sümükləri tapılmışdır deyə, elə Yer üzündə həyata məhz burada start verilməsi barədə iddialar var.

✯ Qəribə də olsa, bu qədər vəhşi heyvanların var-gəl etdiyi yerdə insan və təbiət arasında əməllicə əminamanlıq baş alıb gedir. Sayları 42 minədək olan massai-maldarları burada iki əsrdir ki, yaşayır, qoyun-quzusu elə kraterdəcə otlayır, elə buradaca torpaqdan əkinçilik üçün də istifadə edirlər. Massailər də yerli fauna əhli kimi yağış mövsümündə açıq düzənliyə miqrasiya edir, quraqlıq dövrü başlayanda isə meşə və dağətəyinə qayıdırlar.

✯ Kraterin dibindən fərqli olaraq, onun hüdudlarından kənarda temperatur çox aşağıdır. Gecə qaldığımız kiçik otağı istitmək üçün odun peçindən istifadə edirdik, amma yenə də çox soyuq idi. Təsəvvür edin, Afrikada odun peçi! Noyabr-dekabr aylarında qısamüddətli yağışlar olur, martdan mayadək – əməllicə şırhaşır. İyun-oktyabr quraqlıq aylarıdır.

✯ Bu möhtəşəm yerə Tanzaniyanın Aruşa şəhərindən çarter reysləri ilə və ya avtomobillə (160-190 km) çatmaq olar. Bunun üçün istifadə edə biləcəyiniz ən ucuz təyyarə bilətlərini Momondo-dan (https://goo.gl/Kw2Vhb) sifariş edə bilərsiz. Ən ucuz avtomobil icarəsi üçünsə Rentalcars-a (https://goo.gl/rNBB6r) müraciət edə bilərsiz. Qalacağınız hoteli də gül kimi Booking-dən (https://goo.gl/BVbqx5)!

Gedin! Gəzin! Möhtəşəm yerdir!

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir