📷  Fotoları çəkdiyim məkanlar: Tokyo, Osaka, Kyoto (Yaponiya)
 
Yaponiyada uşaq 5 yaşınadək «olmaz», «pisdir», «təhlükəlidir» kimi kəlmələri eşitmir. Daha doğrusu, bunu ona deyən olmur. Heç nədə də qadağayla üzləşmir. Qışqır, bağır, sök, dağıt, yıxıl – heç kim buna görə cəzalandırmayacaq. Çünki ikudiz prinsipinə əsasən, uşaq bu minvalla idrak fəaliyyəti ilə məşğul olur. Bax, elə fotodakı qız 40 dərəcə istidə oturmuşdu zooparkda yerə, səsi götürmüşdü aləmi ki «yakarım!!!», ata-anası da 1-2 addımığında dondurma yeyirdi, qram veclərinə də deyildi ki, uşağlarının hənirtisinə zooparkdakı heyvanlar paraliç oldu.
 
Yaponiyada əsrlər boyu uşağın tərbiyəsi ilə məhz anası məşğul olur. 3 yaşına çatmayan uşağı olan ananın işə getməsinə, uşağı nənə-babanın himayəsində saxlamağa pis baxırlar. Ana öz balasımın daimi kölgəsinə çevrilir, hər zaman ana-bala bir yerdə olurlar. Bu cür daimi fiziki və mənəvi kontakt möhkəm ana nüfuzunun yaranmasına səbəb olur. Yaponlar üçün öz analarının xətrinə dəyməkdən pis şey yoxdur.
 
Yaponlar övladlarına nəyisə sözlə yox, öz əməlləri ilə başa salmağa çalışırlar. Uşağı lap körpəlikdən özünün və ətrafdakıların hisslərinə qarşı diqqətli olmağa çalışırlar. Məsələn, fincanda isti çay varsa uşağı həmin fincandan uzaqlaşdırmırlar və əgər uşaq əl-ayağını həmin çayla yandırsa, anası uşaqdan üzr istəyəcək və uşağın bu diqqətsizliyinin onu necə sarsıtdığını bildirəcək.
Başqa bir misal: uşaq öz sevimli oyuncaq maşınını sındırır. Biz belə halda adətən nə edirik? Alırıq oyuncağı uşağın əlindən, bu oyuncağa bir anbar pul verdiyimizi deyirik, «sən bir də maşın üzü görərsən!» deyib oyuncağı servanta vızılladırıq, bəzən «vəhşi kopolu!» deyib bir qappaz da ilişdiririk və sairə. Yapon maması isə belə halda heç nə etmir. Bir kəlmə deyir ki, «sən bu oyuncağı incitdin».
 
Bu minvalla 5 yaşınadək uşaqlar «mən zoram», «ağıllıyam», «tərbiyəliyəm» fikri ilə böyüyürlər. Elə ki, 5 yaşına çatdı «mən nə qələt elədim doğuldum» deyib sərt reallığla baş-başa qalır. Bundan sonra o, pozulması mümkün olmayan məhdudiyyətlər və qaydalarla üzləşir. Əsrlər boyu yapon cəmiyyəti icma şəklində olub. Təbii-iqlim və iqtisadi şərait insanları bir-biri ilə sıx təmasda yaşamağa məcbur edib. Ümumi işə öz mənafeyini güdmədən yanaşma yaxşı məhsul əldə etməyə, bunun nəticəsində də ac qalmamağa şərait yaradıb. İctimai maraq – hər şeydən yüksəkdir. Və insan digər insanlar içində öz yerini tapmayıbsa, o, səfil kimi bir şey sayılır.
 
Məhz elə buna görə də uşaqları 5 yaşından qrupun bir üzvü olmağa öyrədirlər. Yaponlar üçün də ən arzuolunmaz şey sosial soyuqluq, uzaqlıqdır. Buna görə də uşaqlar tez bir zamanda öz individual eqoistik marağlarından vaz keçirlər.
 
Uşaqlarda daha çox kollektiv şəklində olan oyunlara, estafetlərə, xorlara meyillilik aşılayırlar. Hər zaman da beyinlərinə həkk edirlər ki, “bu kollektiv normanı pozsam, anam üzüləcək”, çünki bu xoşagəlməz məqam, ilk növbədə, anasının adına mənfi bir hal kimi yazılacaq.
 
Bu minvalla növbəti 10 il uşaq kiçik mikro-qrupların bir hissəsi olmağa, kollektivə uyğun olaraq hərəkət etməyə çalışır. Beləcə də onda qrup şüuru və sosial cavabdehlik formalaşır.
 
15 yaşında isə o, artıq formalaşmış şəxsiyyət kimi qəbul edilir və özünü də bu cür hiss edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir