📷  Fotoları çəkdiyim məkan: Tarangire (Tanzaniya)
 
Saatda 80 km sürətlə qaçaraq 3 metr hündürlüyə tullanmağı azmış kimi, 10 metr uzunluğa da imza atan impala antilopu! Bu, hər antilopun işi deyil! Həm də bunu ancaq vəhşi heyvanların hücumundan qurtulmaq üçün etmirlər, arabir mırtçün də.
Amma bütün bunlara baxmayaraq çox da tilpaşlıq eləmirlər, çünki ondan da məharətli oğulların olduğunu bilirər, məsələn, impalanı sürətiylə, gücüylə böyrü üstə qoyan gepard. Ona görə hər zaman gözdə-qulaqdadırlar.
 
🦌 Əksər hallarda 15-100 fərddən ibarət sürüdə yaşayırlar. Yemək-içməyin bol olduğu yerlərdə bu say daha çox olur.
 
🦌 Ölçüləri 120-160 sm, çəkiləri 40-65 kq olur. Erkək fərdlərin 90 sm-dək uzunluğunda buynuzları da var.
 
🦌 İmpalalar Şərqi və Cənubi Afrikada yayılıblar və bu ərazilər digər antiloplarınkından böyüklüyünə görə fərqlənir. Susuz dünya-aləm gözlərinə qaranlıq görünür, ona görə də su mənbələrindən 7-8 km-dən uzaq məsafədə olmurlar.
 
🦌 Müxtəlif çeşidli düşmənləri var: aslanlar, bəbirlər, hepardlar, kaftarlar, timsahlar… Elə buna görə də gözüqırpqdırlar biçarələr. Bir balaca təhlükə duyan kimi dabanlarına tüpürürlər, özü də hücum edəni çaş-baş salmaq üçün müxtəlif səmtlərə qaçırlar. Vəhşi heyvan da püşk atıb qərar verincə ki, hansının izinə düşsün – baxır ki, artıq iş-işdən keçmişdir, impala köçüb – yurdu qalıb.
 
🦌 Aprel-may aylarında qrafiklərində nəsil artırmaq olur. Özü də bu xoşbəxtlik yalnız şəxsi ərazisi olan impalalara nəsib olur. Lap bizdəki kimi.
7 aylıq hamiləlik dövründən sonra dişi impala sürüdən ayrılır, xəlvət yerdə bala dünyaya gətirir, 1-2 gündən sonra da qayıdıb gəlirlər ki «muştuluğumuzu verin!». Bala 4 ay ana südü ilə qidalanır.
 
🦌 15 il yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir