📷   Fotoları çəkdiyim məkanlar: Serengeti, Tarangire (Tanzaniya)

Babuinlər intellektuallığına görə şimpanzeyə də meydan oxuyan pavian növüdür. Afrikadakı primatlar arasında insanlarla ən çox ünsiyyətdə olanlar da məhz babuinlərdir.

 İlk baxışdan artistlik eləyib yöndəmsiz görünsələr də, əslində, çox cəlddirlər. Safaridə nahar üçün ayrılmış xüsusi yerə çatanda kiçik hasar boyunca əli dəyənəkli adamların dayandığını gördüm, dedilər babuinləri qovmaq üçün dayanıblar. Burda də nahar balaca qutuya yığılmış quru qidadan ibarət olur. Elə təzəcə lövbər salıb oturmuşduq ki, bir də gördüm zırpı babuin sürətlə hasarı aşaraq bir az qabaqda nahar qutusunu bəh-bəhlə çıxaran yaşlı xanım turistə tərəf cumdu. Qutunu xalanın əlindən qoparıb elə gəldiyi sürətlə də mühafizəçinin dəyənəyini dadmadan geri qaçdı. Xala da qaldı ac.

  50-80 fərddən ibarət sürüdə yaşayırlar. Sürünün başında bir neçə erkək və o qədər də dişi olur. Bir sürüdə erkəklərin sayı 6-8, onlarla dişi və müxtəlif yaşlı balalar olur. Sürüylə birgə yerdən-yerə köçürlər, qidalanırlar, körpələri böyüdürlər, düşmənlərdən qorunurlar. Çox vaxt antilopların həndəvərində olurlar ki, təhlükə olunca həssas antiloplar bundan xəbər tutub hay salanda bunlar da aradan çıxsınlar.

 Erkəklər dişilərdən 2 dəfə böyük olur. Çəkiləri də 45 kq-dək. Böyük fərdin quyruğunu hesablamasaq ölçüsü 75 sm-dir (təkcə quyruğu 60 sm).

  Uzun, it sifətini xatirladan iti dişlərdən ibarət kəllələri olur. Əsasən, yerdə yaşayırlar. Yatandan-yatana hündür ağaclara dırmaşanı da olur.

  Ünsiyyət üçün 30-dan çox səsdən istifadə edirlər. Donuz səsi çıxara, it kimi hürə və adam kimi bağıra bilirlər.

  İnsanlardan qəti qorxuları yoxdur. Ya gəlib nəsə dilənirlər onlardan, ya da, bayaq dediyim kimi, əkişdirib qaçırlar. Amma insanlarla münasibətdə gərginlik hiss edirlərsə, adətən, hücum etmədən aradan çıxırlar.

 Çox asanlıqla əhilləşirlər. Belə babuinlər insanlara çox sadiq olurlar.

 Vəhşi təbiətdə güclü və dərrakəli babuinə hər heyvan bata bilmir. Onlara hücum edən ac leopardlara, kaftarlara (giyenalara), çaqqal və aslanlara qarşı mərdi-mərdanə cavab verə bilirlər.

 Yemək-içmək barədə çox naz eləmirlər. Kasıbın olanından nə varsa basıb yeyirlər: bitki, kiçik həşəratlar, balıq, kərtənkələ, siçan və başqa xudmani gəmiricilər. Əsas odur ki, içməyə suları olsun.

 Babuin cütlüklər uzun müddət bir yerdə bir-birilərinin qayğısına qalsalar da, necə deyərlər, əlləri əllərinə dəyməyə bilər. Amma sonradan artıq bir adları iki olanda evlənirlər. Hamiləlik dövrü 6 ay davam edir. İldə iki dəfə nəsil artırırlar. 1 və ya 2 balaları olur. 5-8 yaşında bəxtləri açılır, ailə qururlar.

 40-45 ilədək yaşayırlar. Özlərinə yaxşı baxanda əlavə 5-7 il də bonus kimi verilir onlara.

2 thoughts on “Babuin cütlüklər uzun müddət bir yerdə bir-birilərinin qayğısına qalsalar da, necə deyərlər, əlləri əllərinə dəyməyə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir