📷  Fotoları çəkdiyim məkan: Tarangire qoruğu (Tanzaniya)

Afrika dəvəquşusu hər cür hörmət və izzətə layiq quşdur. Dünyada ən ağırçəkili quş olmağı azmış kimi, sürətinə görə atı da geridə qoyur. İndidən deyirəm: dəvəquşuların başlarını qumda gizlətməkləri boş söhbətdir.

🐥 Dəvəquşunun (Struthio camelus) adı yunan dilindən tərcümədə «sərçə-dəvəquşu» deməkdir. Elə bizim dildə də adının dəvəylə bağlılığı var. Niyə? Qeyd etdiyim kimi, dəvəquşu çox sürətlə qaçır, saatda 50 km, qısa məsafədə hətta 70 km/saatadək. Qaçanda addımlarının uzunluğu 3,5-4 metrədək olur. Bu cür hoqqanı başqa heç bir quş çıxarda bilmir. Belə iri addımla qaçma məharətləri cəmi 2 barmaqdan ibarət olan əzələli ayaqlarının sayəsində mümkün olub. Bu cür quruluş bir çox cütdırnaqlılqrda da var, əsasən də dəvələrdə. Elə bundan qaynaqlanaraq dəvə söhbəti yaranıb.

🐥 Dəvəylə daha bir oxşarlığı uzun müddət susuz qala bilmələri və isti havada bədən temperaturlarını 3-4 dərəcəyə salmalarıdır. Bu, bədən nəmişliyinin buxarlanmasının azalması üçün lazımdır. Gecə də gün ərzində topladıqları hərarəti özlərini və balalarını qızındırmaq üçün istifadə edirlər.

🐥 Bu dəvəquşular, əsasən, quraq yerlərdə məskən salırlar. Amma mən gördüklərim savanna yaşıllıqlarında da şəllənirdilər. Hal-hazırda bütün Afrika qitəsi boyunca geniş yaılıblar. Əvvəllər Yaxın Şərqdə çox geniş ərazidə yaşasalar da, lələk, dəri və ətlərinə görə kütləvi qırğına məruz qalaraq 1966-cı ildən Afrika dəvəquşusunun Yaxın Şərq yarımnövü tamamilə məhv olub.

🐥 Boyları 2,5-2,7 metrədək olur. Erkəklərin çəkisi 120, dişilərinki isə 100 kqdəkdir. Erkək fərdlər dişilərdən təkcə ölçülərinə görə fərqlənmirlər, onlar həm də daha parlaq rəngli olurlar.

🐥 Dəvəquşular həmişə 10-15 fərddən ibarət ailə şəklində yaşayırlar. Hər ailənin də bir ailə başçısı olur, təbii ki. Onun arxasıyca həmişə övrəti – ailənin sözükeçən dəvəquşusu, onun da arxasınca 4-6 dişi və onların balaları hərəkət edir. Ailə başçısı və onun övrəti nə oyun çıxardılarsa (qidalanmaq, dincəlmək, torpaq duşu qəbul etmək) – qalanları da onları təkrarlayır.

🐥 Ata olmağa hazırlaşan erkək 30-60 sm dərinlikdə yuva qazmağa başlayır. Dişi fərdlər də yuvaya yaxın yerdə yumurta qoyur, gillədir kişi tərəfə ki «işində ol». Vəssalam. Bu andan da erkəyin qara günləri başlayır. Çünki gecə-gündüz kürt yatmaq bundan sonra onun başlıca funksiyası olur. Arada günortalar acından qırılma ərəfəsində ailənin əsas xanımı minnətlə qısa müddətə gəlib onu əvəz edir. Özü də kor-koranə yox, özünə məxsus yumurtaları yuvanın ortasındakı VİP yerə diyirlərdir, qalanlarını isə yuvanın kənarlarında yerləşdirir.

🐥 Hər dişi dəvəquşu 6-8 yumurta «istehsal edir». Ümumuilikdə isə ailə üzrə 20-25 ədəd olur. Hər yumurta 15-21 sm olur. Çəkiləri də 1,5 kqdan 2 kqdək. 40-45 gün ərzində biçarə ata kürt düşür. Bala dünyaya gələndə çəkisi 1-1,2 kq olur. 4 aylıqlarında artıq 18-19 kqdək olurlar.

🐥 Dəvəquşular, əsasən, vegetariandırlar. Bitki qıtlığı olanda həşərat, kiçik gəmiricilır və s. də daraşırlar. Yeri gəlmişkən, dişləri də yoxdur.

🐥 Gecənin çox hissəsini yuxudan mələyən dəvəquşu boynunu qabağa verib yerdə oturur. 3-4 dəfə «lənət şeytana» deyib boynunu qabaq tərəfə yerə sərərək yatır. Bu zaman digər ayıq dəvəquşular həmdəvəquşularının yuxusunun keşiyini çəkir.

🐥 Vəhşi heyvanlar dəvəquşu balaları üçün təhlükə yaratdıqda, erkək dəvəquşu başlayır artistlik eləməyə ki, guya yaralıdı, əyri xəttlə qaçır, arada yerə yıxılır, sürünür. Bu an vəhşi heyvan daha çox ət yemək həvəsiylə balanı yaddan çıxarır, cumur bu «yaralı» erkəyin üstünə. Erkək də durur qoyur üstünə. Transa düşmüş vəhşi heyvan özünə gəlincə balalar digər yaşlı erkəklərin qanadları altında gizlənirlər.

🐥 Bizlə oxşar cəhəti də var: orta hesabla 75 il yaşayır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir