Hindistan

Dünyanın ən hündür minarəsi, Hindistanın 7-ci möcüzəsi: Qütb-Minar

📷  Fotoları çəkdiyim məkanlar: Nyu-Dehli, Hindistan

Hindistan özü kontrast dolu ölkədir. Məkanlarından tutmuş ta əhalisinədək. Otelimizdəki hündürboy, gözləri qıyıq mühafizəçidən hindistanlı olmadığını boynuna qoyanda dedi ki, «Get işinlə məşğul ol, elə əsl hindistanlıyam». Nyu-Dehlidə gəzib-dolaşdığımız vaxt da gördüyümüz abidələrin çoxsu müsəlman abidələri idi. Elə Hindistanın 7-ci möcüzəsi sayılan 72,6 metrlik Qütb-Minar minarəsi də. Dünyada ən hündür minarədir. Orta əsrin hind-islam arxitekturalarının gözəgəlimli abidələrindəndir. UNESCO da onu göz bəbəyi kimi qoruyur.

 Hindistanın ilk müsəlman hökmdarı Qütb ud-Din Aybek əfqan Cam minarəsini görəndən sonra «Xeyir ola?!» deyib 1193-cü ildə Camı geridə qoya biləcək Qütb-Minarın tikintisinə start verib. Amma sağlığında onun ancaq fundamentini bitirməyə nail olub. Onun varisi İltutmiş daha 3 yarusu, 1368-ci ildə isə Firuz-şah Tuqlak axır ki, minarənin tikintisini sona çatdırıb.

 Minarənin giriş hissəsindəki 7 metr hündürlükdə, naməlum dəmir qatışığından, 6,5 tonluq Dehliyə açılan dəmir sütunu olan Ala-i-Darvazanı da Hildi sülaləsindən olan Dehlinin ilk sultanı Alauddin tikdirib. Bu sütun bir dəfə də olsa korroziyaya uğramayıb.

 Öz birbaşa missiyasından əlavə bu minarə həm də islamın qüdrətini nümayiş etdirən qələbə qalası kimi də istifadə olunurdu. Bundan əlavə ətrafı nəzarət altında saxlayan tikili kimi də.

 Minarənin aşağı hissəsinin diametri 14,74 metr, yuxarı hissəsi isə 3,05 metrdir. Qurandan surələr halqa şəklində minarənin üzərində həkk olunub.

 Alauddin Hildi sonradan iştaha gəlib bu minarəni hündürlükdə 2 dəfə ötüb keçə biləcək Ala-i-Minar minarəsini də tikdirmək fikrində olub, amma cəmi 24 metr tikildikdən sonra hökmdarın ölümüylə əlaqədar tikinti işləri yarımçıq qalıb.

➖ Minarənin bir vaxtlar gümbəzi də olubmuş, amma 1803-cü ildəki zəlzələ nəticəsində sökülüb. Bərpa etmək cəhdləri olsa da, bu, mümkün olmayıb.

 Əfsuslar olsun ki, çoxsaylı sui-qəsdlərin ucbatından minarənin içərisinə daxil olmaq mümkün deyil.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir