Fotoları çəkdiyim məkan: Tokio (Yaponiya)

Yapon mədəniyyətinin qeyri-adiliyinə bələdik, azdan-çoxdan hər birimiz bu barədə, ən azından, eşitmişik. Ölkənin paytaxtı Tokio isə əndrabadiliyinə görə öndə gedəndir.

🇯🇵 Əvvəllər kiçik balıqçı qəsəbəsi olub, adı da Edo. 1867-ci ildə imperatorun iqamətgahını bura köçürüblər, adqoydu nəticəsində də çevrilib olub Tokio. Tərcüməsi də «Şərq paytaxtı»dır.

🇯🇵 Yaponiyanın bir çox böyük şəhərlərindəki bina evlərinin sahibləri it, pişik və s. saxlamağa qadağa qoyduqları üçün Tokioda xüsusi «pişik kafeləri»yaradılmışdır ki, burada kiçik məbləğ müqabilində pişiksevərlər bəyəndikləri pişikləri seçib elə kafedəcə onlarla vaxt keçirib qurdlarını öldürə bilərlər.

🇯🇵 Yeri gəlmişkən, 2012-ci ildən tətbiq olunan qanuna əsasən, axşam saat 8-dən sonra heyvanları ictimai yerlərdə nümayiş etdirmək olmaz. Zoomağaza filanlarda alver axşam və gecə saatlarında da mümkündür və qanun keşikçiləri də oradakı heyvanların saat 8-dən sonra insanların onları narahat etməmələri, heyvanların bu saatdan sonra dincəlmələri üçün buna imza atıblar.

🇯🇵 Tokionun Xaradzüku rayonunda ən vacib hadisələr cərəyan edir. Vaxtınızı səmərəli keçirə biləcəyiniz məkandır. Rayondakı fashion-gəzintiləri nəyə desən dəyər. Qotlar, lolitlər, panklar və daha kimlər və nələr… Milan və Parisin ən avanqard dəb nümayişlərindən geridə qalmayan bir yerdir.

🇯🇵 Dünyada ən bahalı restoranlar siyahısında öndə (bəzən deyirlər ki, ən öndə) gedən “ARAQAVA” restoranı da Tokiodadır. Məşhur Kobi ətini məhz burada hazırlayırlar. Bir porsiyanın da qiyməti minimum 350-cə ABŞ dolları.

🇯🇵 Tokio metropoliteni sərnişin axınına görə dünyada ən xod gedənlərindəndir: ondan il ərzində 3,2 milyard adam istifadə edir. Maraqlı fakt da odur ki, burada xüsusi pozisiya da mövcuddur, adı da osiya. Onların işi-gücü dolu vaqonlara sərnişinləri dürtüşdürməkdə yardım etməkdir.

Tokio metrosundakı vaqonlarda kondisionerdən əlavə ventilyator da var. Bizim üçün olsun!

🇯🇵 Ueno zooparkı Yaponiyada ən qədimlərdəndir. Burada 2600-dək heyvan saxlanılır. İldə 1 dəfə zoopark 2 aylıq bağlanır ki, heyvanlar insanlardan dincəlsin. Demək olar ki, bütün günümüzü zooparka həsr etsək də, onu axıracan gəzib-dolaşmağa imkanımız olmadı.

🇯🇵 Hər il Tokioda müxtəlif güclü 150-dək zəlzələ baş verir. Ən söküb-dağıdanı 1923-cü ildə olub: Rixter şkalası ilə 8,3 bal gücündə. 142 min adam onun qurbanı olub.

🇯🇵 Tokioda o qədər çox adam yaşayır ki, havanın hərarəti həmişə orta temperaturdan 10 dərəcə çox olur. Bəzi rayonlarında əhali sıxlığı 1 kv km-ə 60000 nəfər də düşür. Şəhərin yaşayış məntəqələrinin kompakt yığımı olan yerlərində, o cümlədən də şəhərətrafı zonalarda, 35,2 milyon əhali yaşayır ki, bu da Rusiyanın bütün Asiya hissəsində yaşayanlardan çoxdur.

İsti havada sərinlik verən xüsusi qurğularda şellənmə mərasimi

🇯🇵 İqtisadi baxımdan Tokio Yaponiyanın digər şəhərlərini əmməlicə geridə qoyur. Təsəvvür edin ki, əgər Tokio ayrıca dövlət olsaydı, öz ümumi daxili məhsulunun (ÜDM) həcminə görə dünya üzrə 15-ci yerdə olardı. Yəni Türkiyə və ya Avstraliya ÜDM-dən də yüksək. Ərazisi ölkə ərazisinin 0,6%-i olsa da, ölkə üzrə ÜDM-i 33%-dir!

🇯🇵 Özlüyündə də Tokio dünyada ən bahalı şəhərlərdən sayılır. Bizim səfərin sonuncu gününü Ukraynadan olan qrupmuzun imkanlı üzvləri (onu da deyim ki, qrupumuzun ən dilənçi üzvləri mən və dostum idik) alış-verişə həsr etməyi qərara aldılar. Biz də nə üçünsə sevincək qoşulduq onlara. Alış-veriş mərkəzinə ümid dolu addımlarla girdik. 1 saatdan sonra oranı ancaq 1 ədəd kiçik əl kremi (!) ilə tərk etdik. Onu da test üçün havayı vermişdilər…

Yenə bu qəmli notda sağollaşaq. Sağ olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir