Dünya

İldə 1500-2000 adamı böyrü üstə qoyan timsahlar

 Fotoları çəkdiyim məkanlar: Tanzaniya, Kosta-Rika

Timsahlar suda-quruda hərlənənlər arasında begemotlardan sonra insanları böyrü üstə qoymaq üzrə rekordsmendirlər. İldə 1500-2000 adamın həyatına xor baxırlar.

🐊 Adının mənası yunancadan «daş soxulcan» deməkdir.

🐊 250 milyon il əvvəl Yer üzündə ilk timsah peyda olub. O vaxtlar ancaq quruda yaşayırdılar, sonradan «kimin oğlundan əskiyik?» deyib yavaş-yavaş suya da baş çəkməyə alışdılar.

🐊 Timsahlar içində ən böyüyü dəniz timsahı və ya Crocodylus pororus sayılır. Fici, Hindistan və şimali Avstraliyada yaşayan 1 tonluq bu timsahın uzunluğu 7 metrədək olur. Buna baxmayaraq dişilərin xəcalətlə dünyaya gətirdikləri yumurtaların ölçüsü qaz yumurtasından böyük olmur. Kiçik timsahcıqlar ölçülərinə görə çıxdıqları yumurtadan 3 dəfə böyük olurlar.

🐊 Timsahın suda üzmə sürəti saatda 40 km-dir. Quruda qısa məsafəyə qaçanda isə saatda 11 km. Ətli-canlı cüssələrinə baxmayaraq sudan 2 metr hündürlüyə tullana bilirlər.

🐊 Ağzında 64-70 dişi olur. Növündən asılı olaraq dişlərinin sayı da fərqli olur. Amma bu dişlər yeməyi çeynəmək üçün nəzərdə tutulmayıb. Onların köməkliyi ilə timsahlar şikarlarını tutub parçalayırlar. Həyatı boyunca dişləri 100 dəfəyədək yenilənir. Çənəsinin qapanma gücünü Allah düşmənə də göstərməsin: 5 metrə uzunluğunda timsahda bu güc 16480 nyutona bərabərdir. Müqayisə üçün qeyd edim ki, insanda bu, 890 nyutona, kaftar, pələng, aslanlarda 4450 nyutona, ağ köpək balığında 17790 nyutona bərabərdir.

🐊 Mədələrinin iri həcmli yemlə problemləri olmasın deyə, timsahlar bekar olanda daş udurlar. Daşlar həzm prosesində yardımçı olurlar. Qidanı çeynəyə bilməyən timsahların mədəsinə yem düşdükdən sonra həmin daşlara sürtünür ki, sonrakı həzmolunma prosesində dilxorçuluq olmasın. Maraqlısı odur ki, timsahlar 1-1,5 il (!) qidasız yaşaya bilirlər. Amma belədə birnəfəsə öz çəkisinin 23%-ni təşkil edən qidanı uda bilər. Bu qidanın 60%-i piyə çevrilir ki, bu da bayaq qeyd etdiyim halda uzun müddət ac qalmağa yardımçı olur.

🐊 Erkək timsahın 12-dək övrəti ola bilər.

🐊 Orta hesabla 50 ilədək yaşayırlar. Amma aralarında 110 yaşlısı da olub.

🐊 Moda həvəskarlarının forsla gəzdirdikləri timsah dərisindən hazırlanan əlcək, kəmər, ayaqqabı və s. biçarə timsahın qarın nahiyəsinin dərisindən hazırlanır. Başqa yerlərindəki dəri bunun üçün yararlı deyil, çünki həddindən artıq kobud və qalındır.

🐊 Timsah ölümündən sonra da 24 saat ərzində timsahlığını saxlayır. Belə ki, ağzındakı bəzi əzələlərin hesabına hətta ölü timsahın çənəsi də böyük güclə qapana bilər.

Sizə maraqlı ola bilər...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir