📷 Fotoları çəkdiyim məkanlar: Uqanda, Tanzaniya
 
Adi su keçisi adlı antilop da var, deyim bilin. Peşman olub arada suya girib yosun-filandan yeyirdi. Bir de onda ayılıb ki, bir adı iki olub. Naəlac qalıb adlarına layiq əməllicə üzməyi də öyrəniblər.
 
🦌 Afrikada Böyük səhradan cənubda bolluca yayılıb. Erkəy fərdlərinin boy-buxunu 130 sm, çəkisi 250 kq-dək olur, 30-100 sm-lik buynuzları da var.
 
🦌 Əsasən kiçik qrup halında yaşayırlar. Bekar vaxtlarında nəsil artırırlar, yəni konkret zamanı yoxdur. Hamiləlik dövrü 7-8 ay olur. Çox vaxt 1, nadir hallarda 2 övlad valideyni olurlar. 3 də olur. Onda artıq nəzir-niyaz paylayırlar. 1,5 yaşında körpə həddi-buluğa çatmış hesab olunur.
 
🦌 Erkək fərdlər, adətən, təkbaşına gəzib dolanırlar. Dişilər öz körpələri ilə dəstə halında geyinib-keçinib arabir erkəklərin yaşadıqları antilopxanalara baş çəkirlər.
 
🦌 Vəhşi təbiətdə 12 ilədək yaşayırlar. Gözəgəlimli buynuzlarına görə insanlar göz verib işıq vermirlər onlara.
 
🦌 5 növləri olur. Adi su keçisi, bayaq dediyim kimi, Böyük səhradan cənubda, habelə Somali və Seneqalda, puku su keçisi Zambiya, Botsvana, Tanzaniya, Zair və Malavidə, kob su keçisi Seneqal, Həbəşistan, Qambiyada, liçi su keçisi Anqola, Zambiya, Botsvana və Zairdə, Nil liçi su keçisi isə Həbəşistan və Sudanda yaşayırlar. Niyə saydım bunları bir-bir – özüm də bilmirəm.
 
🦌 Adi su keçilərinin dəri vəzləri özünəməxsus iyi olan maye ifraz edirlər ki, onun da iyi keçinin ətinə keçir. Ona görə də insanlar arasında onların ətini ancaq əlimyandı acından ölənlər yeyir. Amma dərisi və buynuzlarına görə hörmət-izzətə sahib şikar sayılırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir