Dünyaya bir balaca qəm-qüssə-kədər dolu baxışlarla baxan ağ-qara kolobuslar ekvatorial Afrikanın yamyaşıl fonunda əməllicə seçilirlər.

40-70 sm-lik boyu, 5,4-14 kq çəkiləri olan bu kolobuslar, demək olar ki, hündür ağaclardan yerə heç enmirlər. Ona görə də yemək-içməklərinin 80%-ni yarpağlar təşkil edir. Bunlara deyən lazım ki, böyrü-başınız o qədər mer-meyvəylə doludu, nə görmüsüz bu azkalorili yarpağda? Deyən olsa, cavab o olacaq ki: «Oxot yoxdu». Tənbəlliklərinin ucbatından elə əllərini atıb ətrafda bol olan yarpaq yeməyə daha çox meyillidirlər, nəinki gedib meyvə-filan axtarmağa. Orqanizmləri də inciməsin deyə məcburdular bu yarpağdan həddindən çox yesinlər.

Bütün günü yarpaq çeynəmək də hər kolobusun işi deyil. Bunun üçün ən azı möhkəm diş sahibi olmalısan. O da kolobuslarda var. Kaşa halına salınca yarpağı çeynəyəndən sonra mədəylə görüşə göndərirlər. Həzmolunma prosesi inəklərdəki kimi çox asta gedir. Bütün enerjiləri də ya həzmolunmaya, ya da yeməyə getdiyi üçün kolobuslarda aktivlikdən ümumiyyətlə əsər-əlamət olmur.

Yeməydən baş açanda da quyruqlarını sallayıb hündür ağaclarda ya yatırlar, ya da günəş vannası qəbul edirlər. Bu cür həyat tərzi kolobusların xasiyyətinə də təsir edib. Hesab olunur ki, primatlar araslnda onlar ən az aqressivlidirlər.

Onları digər meymunlardan fərqləndirən məqam da – baş barmağlarının olmamasıdır.

140-220 günlük hamiləlik dövrü başa çatdıqdan sonra 400 qram çəkiylə doğulan bala kolobusların rəngləri ağappaq olur. 3 aylıqlarında artıq ənənəvi rənglərini alırlar.

Ən qatı düşmənləri – şimpanzelərdir. Kolobus əti onlar üçün əməllicə delikatesdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir