Türmə adasına Zənzibar arxipelaqının mərkəzi – Stone Town-dan qayıqla 20 dəqiqəyə çatdıq.

Babbalaca da adadır, 15-20 dəqiqəyə gəzə-gəzə perimetri boyunca başa vurmaq olur. Özü də hansısa bəxtəvərin şəxsi ərazisidir.

Adanın rəsmi adı Changuu Private Island Paradise-dir. 1860-cı ilədək üzünə baxan yox idi. Daha sonra isə özünü pis aparan qulların saxlanma məkanı olub. 1893-cü ildə burada qulların saxlanması üçün böyük türmənin tikilməsi planlaşdırılırdı. Yer də təsadüfi seçilməmişdi, çünki o vaxtlar Zənzibar Şərqi Afrikada özünün ən böyük qul bazarları ilə məşhur idi. Ele bu adaya gətirilən qullar da sonradan böyük gəmilərlə Qərb ölkələrinə aparılırdı.
İndi isə keçmiş türmə binasında otel fəaliyyət göstərir.

Vaxt var idi, nəhəng Seyşel tısbağaları Hind okeanındakı bir çox adalarda yayılmışdılar. Şad-xürrəm də yaşayırdılar, çünki o vaxtlar həmin adalara insan ayağı dəyməmişdi. Biz sağolmuşlar gəlib oralara çıxar-çıxmaz başlamışıqmış biçarələrin çanağına, ətinə pis gözlə baxmağa. İnsanlar üçün həmişə çox rahat eldə olunan şikar olublar. Səbəbi də bəlli: astagəllik. Bu adadakı nəhəng tısbağaların indi insanlardan qorxusu yoxdur, çünki 150 il bundan əvvəlki vəziyyətdən fərqli olaraq hal-hazırda onların qayğısına qalırlar. Amma yenə də tam qırılıb yox olma təhlükəsi ilə üzləşən canlılar siyahısındadırlar.

Adanın özü Zənzibarda çimişmək üçün ən komfortlu yerlərdən sayılır. Suyun rəngi adama «öl mənimçün» deyir. Adam da o qədər çox olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir