Bu kiçik gədə bizi görər-görməz nətər üstünə qoyub aradan çıxmaq istədisə!.. Anası «Gicdəmə!» deyib bir qapazla qaytardı onu yerinə.

Metrikada adı mavi və ya taclı əntərdir. Şərqi Afrikanın rütubətli meşələrində yaşayır.

Boy-buxunları 70 sm, 8-10 kq-lıq çəkiləri, düşməni mələdən uzun köpək dişləri, canlara dəyən bakenbardları, 90 sm-lik quyruqları var. Erkək fərdlərin. Dişilər daha xudmanidir (50 sm filan).

Pis-pis şeylər fikirləşib torbalarını tikməyəsiz deyə əvvəlcədən məlumat verim ki, tüklərinin mavi çalarlığına görə adları belədir. Başlarında da ağ haşiyəli biz-biz tüklər çıxır deyə ikinci adları da taclı əntərdir.

Canlı təbiətdə 20-30 dişi fərddən ibarət sürü halında yaşayırlar ki, sürünün də rəisi, əlbəttə ki, erkək əntər olur (1 və ya 2 ədəd). Yarım illik hamiləlik dövrünün nəticəsi 1 ədəd əntərciyəz olur. Körpə doğulan andan anasından möhkəm yapışıb ta 6 ay müddətində ondan əl çəkmir. 3,5 yaşında artıq sərbəst həyata vəsiqə qazanmış hesab olunurlar.

Yedikləri-içdikləri də meyvə, yarpaq, arabir cücü-mücü, kərtənkələ də ola bilir. Çox ürkək olduqları üçün, əsasən, hündür ağacların başında olurlar.

Dəyib-dolaşan olmasa 20 il yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir