O deyirlər e bayquşlar müdrikdi, zəkalıdı filan. İnanmayın. Qarğa ondan ağıllıdı. Kəlləsi də babbalacadı. Beyni də. Başının əsas hissəsini göz boruları tutur. Amma belə şəxsən mənim üçün ən marağlı fauna əhlillərindəndir.

 220-dək növü olan bayquşların vid-fasonları, ölçüləri, xarici görünüşləri bir-birindən çox fərqli olur. Amma ümumi bir xasiyyətləri var, o da başlarını 270 dərəcə fırlada bilmələridi. Hər bir özünə hörmət eləyən quşun 7 onurğa sütunu olduğu halda, bayquşlarda bunların sayı 14-dür. Elə bunun hesabına da başlarıyla o oyunu çıxardırlar.

 Ən böyük növü – Avrasiya yapalağıdır ki, onun da boyu 75 sm, çəkisi 4,5 kiloqramadək, açıq qanad ölçüsü 190 sm-dək olur. Ən kiçik ölçülüsü isə – Peru cırtdan bayquşudur: boyu 15 sm, çəkisi 30 qram.

 Müdrik, ağıllı, nəmm özünü ağır aparan bildiyimiz bayquşlar ağına-bozuna baxmadan həm də kannibalmışlar. Öz həmbayquşlarını vicdan əzabı çəkmədən yeyirlər.

 Görmə qabiliyyətləri də çox qəribədi. Gözləri çox böyük olub bir-birilərinə yaxın məsafədə yerləşirlər. Özü də hərəkətsiz qalırlar. O 270 dərəcə söhbəti də gözlərinin bu cür hərəkətsizliyini əvəz edib ətrafda baş verənlərdən xəbərdar edirlər.

 Çoxumuz elə düşünürük ki, bütün bayquşlar özlərinə məxsus o adamın tüklərini biz-biz edən vahiməli səsi çıxardırlar. Amma elə deyil. Qar bayquşları, məsələn, dəniz quşlarına xas səs çıxardırlar, kiçik ölçülü bayquşlar, məsələn, cırtdan bayquşlar, astadan fit səsi çıxardırlar. Ən vahiməlisi bağıran bayquşun səsidi ki, çıxardığı səsin fasonu elə adından da bəllidir.

 Yapalaqlar yer üzündə ən zırpı qanadlı ovçu sayılırlar. Ölçüləri çox yekə, xasiyyətləri də olduqca tünddür. Nə desen yeyirlər, məqsədlərinə çatmaq üçün də heç nə qarşısında aciz deyillər. Boyunlu-buxunlu meymunlardan tutmuş cavan qabanlara kimi – hamısına diz çökdürürlər. Hətta canavara da hücum etmə faktı olub. Amma ən ləyaxsız hərəkətləri kirpi ovlamaqlarıdır. Çox güclü caynaqları ilə kirpinin tikanlarını təmizləyib süfrələrini bəzəyirlər. Şikarlarını da dişləyib ya çeynəyib yemirlər. Eləcə udurlar. Sümük, lələk və s. kimi həzm olunmayan hissələri də elə udduqları kimi də qaytarırlar təbiətə.

 Çox inkişaf etmiş eşitmə qabiliyyətləri və tam səssiz qala bilmə bacarıqları bayquşlara effektiv yırtıcı statusu verməyə zəmin yaradıb. 2 Hers tezliyində səsləri eşidə bilirlər (insanda ən yaxşı halda – 16 Hers).

 Çox pis əhilləşirlər. Bir çox ölkələrdə onları ev heyvanı kimi saxlamağa qadağa qoyulub, çünki bayquşların yemək rasionlarında hər zaman təzə qida olmalıdır, yəni gərək əlinizin altında siçan, dovşan və s. olsun ki, acından qırılmasınlar.

 30 ildən çox yaşayırlar.

P.S. Fotoları Aruşadakı (Tanzaniya) kiçik heyvanxanada çəkib mənciyəz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir