📷  Fotoları çəkdiyim məkan: Uqanda

Konqoni və ya adi bubal və ya inək antilopu və ya çöl bubalı, sözün düzü, ilk dəfədi rastıma çıxırdı. Qəribə kəllə forması vardı, sanki hər iki tərəfdən rəndələnmişdi. Amma, nə qədər də olsa, o da özünə görə antilopdur. Odur ki, CV-nə bir nəzər salaq.

 Bədəninin uzunluğu 2-2,5 metrədək, boyu 130 sm, çəkisi isə 100-200 kq-dək olur. 70 smdək uzunluğu olan xudmani buynuzları da var.

  Lap əvvəllər konqoni çox geniş bir ərazidə yayılmışdır: Afrikanın quraq səhralarından tutmuş ta Aralıq dənizi sahillərinədək. Rəvayətə görə, Fələstində də var-gəl edirmişlər. Hal-hazırda isə sayəmizdə qırılaraq daha kiçik arealda yaşayırlar.

 Konqonini ilk dəfə 1891-1892-ci illərdə E.Svayne Somalidə görüb dünyaya car çəkmişdi. Minlərlə antilop sürülərini ictimaiyyətə baqaja qoyan Svayne 1905-ci ildə onların sayının 880 fərdə düşdüyü barədə gözüyaşlı xəbər vermişdir. Saylarının belə azalmasına da əsas səbəb taun xəstəliyi olub. Bundan sui-istifadə edən somalilər taqətdən düşmüş antilopları əziyyət çəkmədən tutub dərilərini soyurmuşlar.

 Sürü halında yaşayırlar. Qabaq və arxa ayaqlarının fərqli uzunluqlarına görə bir qədər qəribə görsənirlər. Amma buna baxmayaraq mondraja düşəndə saatda 80 km sürətlə dabanlarına tüpürürlər. Antiloplar arasında ən sürətlə qaçanlardandırlar. Hətta bəzən atlar belə onları ötüb keçə bilmirlər.

 Dişi konqonilər və körpələr erkək fərdlərdən ayrı yaşayırlar. Böyük sürülərə nadir hallarda rast gəlinir. Adətən, 10-20 fərddən ibarət olan sürülərdir.

 Subay konqonilər birləşib 100 fərddən ibarət sürüdə şellənirlər. 4 yaşa çatanda hər biri sürüdən ayrılıb təkbaşına özlərinə ərazi seçib oradakı dişilərə naməhrəm gözüylə baxmağa cəhd göstərən digər erkək antilopları gözümçıxdıya salırlar. Ərazi üstə qırğın zamanı yanağlarını bir-birilərinə sıxaraq rəqiblərini yan tərəfə yıxmağa çalışırlar. İkinci seriyada isə buynuzlarını işə salırlar.
8 yaşında artıq taqətdən düşmüş olub fısları yatır, ərazini tərk edir, təkbaşına dolanır və çalışırlar ki, digər erkəklərlə üz-üzə gəlməsinlər.

 Dişi konqoniləri «bişirmə» prosesləri digər antiloplardan fərqlənir. Görəndə ki, ərazilərinə hansısa xanım antilopə təşrif buyurub, düşünmədən ona sarı hərəkət edirlər. Sonra geriyə, ərazilərinin mərkəz hissəsinə bir neçə addım atırlar ki, bu da diplomatik dildən tərcümədə «gəl dalımca quraq qoşa ailə» deməkdir. Dişinin də əhvalı yaxşı olsa təlimata uyğun onun arxasınca gedəcək.

 Hamiləlik dövrü 8 ay çəkir. İl ərzində yalnız bir 9 kiloqramlıq bala anası olurlar. Balalar analarıyla 2,5 yaşınadək olurlar.

 20 ilədək yaşayırlar. Daha doğrusu, yaşaya bilərlər. Amma, adətən, 10 ildən artıq yaşamırlar. Buna da səbəb quraqlıq və xəstəliklərdir. Və, əlbəttə ki, biz mərdiməzarlar. Hal-hazırda Əlcəzair, Liviya, Lesoto, Misir, Somali, Tunis, Mərakeş ərazilərində konqonilər ümumiyyətlə qalmayıb. Onların qorunub saxlanması üçün konkret proqram da yoxdur.

«Əti yeməlidi?» sualını verənlərə deyim ki, dadı digər antilopların ətindən daha ləzzətlidir.