Qırmızı Kitaba düşən, yalnız Zənzibar adasında yaşayan Kirka qırmızı kolobusunun təbii mühitdə sayı cəmi 2-3 mindir.

Saylarının belə az olmasına əsas səbəbkar da elə kolobusun özüdür. Daha doğrusu, kiçik kolobusçığaz: 4 yaşınacan anasından bir addım belə ayrılmır. Ana da anadı da, işi-gücü balasının kolobus olub kolobuslara qoşulmağına göstərdiyi cəhdə qarışır. Nəsil artırmaq hayında olmur. O hay bir də 3,5 ildən sonra yavaş-yavaş gəlməyə başlayır. Bu da başqa kolobus növlərində olduğu müddətdən 2 dəfə çoxdur. 6 aylıq hamiləlik dövründən sonra yalnız bir bala dünyaya gətirirlər. Ona görə də balasını göz bəbəyi kimi qoruyur. Birgə fotolarını çəkmək də müşkül məsələdir. Adətən, insan görən kimi bala qoltuğunda bir saniyəyə qeybə çəkilirlər.

Baş barmaqları da yoxdur. Yoxdur deyəndə ki, ümumiyyətlə olmur. Elə bu səbəbdən də onları ilk dəfə görən zooloqlar adlarını kolobus qoyublar ki, bu da yunancadan “şikəst” deməkdir.

Daha bir özəllikləri də odur ki, mədələri şəkəri həzm edə bilmir. Yetişmiş meyvələrə həsrət dolu baxışlarla baxmaqlarına da səbəb budur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir