Mənim üçün ördəkburundan sonra əndrabaziliyinə görə 2-ci yerdə, əsasən, Cənubi Amerikada yaşayan, dünyada ən diliuzun varlıq olan qarışqayeyən gəlir. Çoxsu deyir ki, qarışqayeyəni yaradanda təbiətin mırt vaxtına düşüb.

İlk növbədə gözə çarpan çox kiçik ağızlı uzun sifətidir. Tüklü quyruğu da var. Yapışqan dili də, bayaq dediyim kimi, Yer üzündə ən uzun dil sayılır: 60 sm-dək. Dilinin hərəkət sürəti də dəqiqədə 160 dəfədir.

Bu ekzotikanın cəmi 3 növü var: cırtdan, nəhəng və dördayağlı (və ya tamandua) qarışqayeyənləri (fotolarda hər birinin növü qeyd edilib). Elə adlarından da bəlli olduğu kimi, bir-birilərindən çox fərqlənirlər. Cırtdan olanının ölçüsü cəmi 15-20 sm, çəkisi də 400-cə qram. Nəhəngi 2 metrədək olur, çəkisi – 30-35 kq. Tamandua da ortalıqda qalıb: bədəninin uzunluğu 50-60 sm, çəki də 3-4 kq.

Ərincək vardı ya, bax qarışqayeyən də onunla eyni dəstəyə aiddir. Hərçənd ki, bir-birilərinə qəti oxşarlığı yoxdur.

Gündüzlər yumaq şəklində yatırlar, gecələr də başlayırlar gün görməyə. Yatanda da xırdalar ağacda, irilərsə elə açıq yerdə sərələnirlər. Arada iri pişikkimilər hücum etmək istəyəndə 10 sm-dək olan caynaqlarını işə salıb vəziyyətə nəzarət eləyirlər. Tamadua isə təəbi gələndə üfunətli qoxu də buraxır ki, elə buna görə də vətənində ona “meşə iylənmişi” də deyirlər. Tamandua növünün bir özəlliyi də var: kenquru kimi quyruğundan dayaq kimi istifadə edə bilir.

Amma bir başqa, daha ləyaxlı adları da var: canlı tozsouranlar. Həqiqətən bütün günü nəsə eşələyirlər, tapırlar, yeyirlər, uzun dilləriylə ən dar dərmə-deşiydəki həşəratları da qanlarına qəltan edirlər. Görmə, eşitmə hissləri o qədər də inkişaf eləməyib. Əvəzində bizdən 40 dəfə daha güclü qoxu duyma qabiliyyətiylə əməllicə fors edirlər.

Yeyib-içdikləri xırda həşəratlar, termit və qarışqalardı. Dişləri yoxdur. Elə ona görə də gücü ancaq həşəratlara çatır. Zato mədəsi çox güclüdür, dişlərinin əvəzinə qidanı yıxıb-sürüyür.

Tənha yaşayırlar. İldə iki dəfə görüm-baxımçün görüşüb vəziyyəti yola verirlər. Cütləşmədən əvvəl dişinin nazıyla oynamaq, flirt filan bunlarlıq deyil. Ona görə də dişi acığa düşüb ancaq 1 körpə dünyaya gətirir. Körpə də doğulan kimi dırmaşır anasının belinə və bir xeylaq elə orda yaşayır. Bir də görürsən bala olub ana boyda, amma yenə kürəyindədi. Anadı da, söz deyə bilmir.

10-15 il yaşayırlar. Qarışqayeyənlərdən ancaq nəhənginin sayı azalmaq üzrə olduğundan eksklüzivcəsinə qorunurlar. Qorunmağına qorunurlar, amma aralarından qarışqası dizi üstə olanları da çıxır. Argentina zooparkında qarışqayeyənlərin qorunması kampaniyası çərçivəsində onlara qulluq edən Melisa Kasko adlı qız qarışqayeyənin hücumu nəticəsində xəstəxanaya çatdırıldıqdan sonra keçinmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir