Özü-özündən hamilə qalan Komodo varanından danışanda bəzi qızlar heyifslənmişdilər ki, “biz niyə bunu edə bilmirik?” Onlar növbəti xəbəri eşidəndə, məncə, daha betər sarsılacaqlar: dəniz atlarında, nə sənə – nə mənə, ümumiyyətlə erkəklər hamilə qalır. Bu cəhətdən Yer üzündə özü kimisi yoxdu bu erkək dəniz atlarının.

Çox götür-qoydan sonra belə qərara gəliblər ki, onlar balıq sayılırlar. Amma şaquli vəziyyətdə üzürlər.

İlk dəniz atları Yer üzündə 13 milyon il əvvəl peyda olublar. Hal-hazırda 54 növü mövcuddur. Amma onların 30-nun nəsli kəsilmək üzrədir. Elə təkcə Çində ildə 20 milyonadək dəniz atı tutulur. Suvenir düzəldirlər, qurudub xalq təbabətində istifadə edirlər (əsasən impotensiyanın müalicəsi üçün)… 1 kilo dəniz atının qiyməti 600 dollardan 3000 dollaradək olur.
Bəxtləri onda gətirib ki, üzərilərindəki tikan kimi dərinin hesabına bunlara qida gözü ilə baxan o qədər də çox deyil.

Şahmatdakı at fiquruna oxşadıqlarına görə belə adlanırlar. Ən cubbulusunun ölçüsü 2 sm, ən böyüyünün – 30 sm-dək olur.

Əsasən isti, sakit, şəffaf tropik sularda yaşayırlar. Akvarium filanda saxlanılan dəniz atları stresə düşüb yeməkdən imtina edirlər və məhv olurlar. Bu hələ azmış kimi, suyun güclü yırğalanması nəticəsində də əldən düşüb ölürlər.

Xameleon kimi bədənlərinin rəngini dəyişib ətraf mühitə səpələnə bilirlər ki, bu da onlara ov gözüylə baxanları depressiyaya salır. Xameleondan daha bir xüsusiyyəti də mənimsəyiblər: gözləri müxtəlif səmtə baxa bilir.

Bellərindəki üzgəcləri saniyədə 30-35 dəfə hərəkət edir. Sinələrindəkiləri də sükan kimi istifadə olunur.

Çox aşağı hərəkət sürətlərinə görə gəzəyənliklə araları yoxdur. Dünyada ən astagəl balıq elə cırtdan dəniz atı sayılır: 1 saata cəmi 1,5-2 metr üzə bilir. Üzmək e!.. Məncə, daha çox atdanırlar. Yaxşı, hərəkət edirlər.

Mədələri yoxdur, ay kişinin oğlu!.. Yeyib-içdikləri də tezbazar həzm olur, qida tullantıları da həmən xaric olur. Ona görə ömrü boyu dayanmadan yeyirlər. Əks halda acından ölə bilərlər. Gün ərzində o olmayan mədələrindən 3000-dək mikroskopik plankton ötürürlər. Yeyəndə də quyruğları ilə yosunlardan yapışıb suyu içərilərinə çəkirlər. Su qarışıq da kasıbın olanından nə düşdü – onla da qidalanırlar.

Başıqapazlı vidlərinə rəğmən yırtıcı sayılırlar.

Ərlərini doğuzdurmaqları azmış kimi dişilər hələ bir tanışlıq mərhələsində də kişini məhz özləri seçir. Seçim də nə seçim! Kişinin ehtiras səviyyəsini dəyirləndirir: arada quyruğu ilə ona sarmaşıb sanki rəqs edir və bu dəfələrlə təkrar olunur (videosu şərhdə). Bu zaman kişinin vəzifəsi həm də rəqsdə gələcək xanımından geri qalmamaq, onla birgə çalışıb sinxron hərəkət etməkdir. Alınmadısa – atı öldü: xanım gedir özgə kişini sınağa çəkib şıllaq atmağa. Rəqs də, maşallah, 8 saat davam edir.

Bu cür imtahandan şilküt olmuş, amma alnı açıq-üzgəci ağ çıxan kişi də “hə” deyən kimi dişi tələsik kürüləri doldurur kişinin qarnındakı xüsusi “cibə”. O da həmin kürüləri mayalandırır. Kişinin hamiləlik dövrü ərzində okeanın əməkdar rəqqasəsi dişi xanım gün ərzində cəmi bircə dəfə, o da 5-6 dəqiqəlik gəlib ona baş çəkib gedir. Yenə sağ olsun ki, ortalığa salıb bu vəziyyətdə rəqs elətdirmir.

2-4 həftədən sonra məməlilərdəki kimi kişinin sancıları tutur, özü də bu sancılar 12 saat davam edə bilər. Sonra “cibin zamoku” açılır, balaları da düzəlir yola. Balalarının sayı 2 də ola bilər, 1000-1500 də. Azadlığa çıxan kimi balalar valideynlərini tərk edib hərəsi öz ixtiyarına verilir. Cəmi 100-dən 1-i də həddi-buluğa çatma yaşınadək sağ qalır.

Əksər növləri ömürlərində 1 dəfə ailə qurub sonadək bir-birilərinə sadiq qalırlar. Məncə, təzədənnən 8 saat şıllaq atmağa halları olmur deyə belədirlər. Müşahidələr göstərir ki, cütlükdən birinin ölümünün kədəri o birinin də ölümüylə nəticələnə bilər.

4-5 il yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir