Elə bilirdiz dağ-daşların arasında tapa bilməyəcəm heç kimi? De – Himalay marmotu. Sən demə, özükimilər arasında ən irisi, ən çox dağsevəri, ən nadir halda gözə dəyəni də elə bu imiş.

3000 metr hündürlükdən başlayan yerlərdə məskən salıb 5000 metrdə stop deyirlər. Yalnız Tibet platosunda yaşadıqlarına görə arada onlara Tibet marmotu da deyirlər.

Xəbərçilik edim ki, Himalayın 3000 metri orqanizmə təsir baxımından bizim eyni hündürlükdən kəskin fərqlənir. Maksimum 1 saatdan sonra görürsən ki, nəsə əldən gedirsən: başağrı, halsızlıq, təngənəfəslik, iştahasızlıq və s. kimi arzuolunmaz nə varsa – hamısı yetirir özünü. Hündürlükdən savayı həm də iqlimin quru olmasıdır buna səbəbkar. Bu marmotlar isə, məndən yaxşı, özlərini çox da gümrah hiss edirlər. Dəyib-dolaşan da yox (dövlət tərəfindən qorunurlar). Bütün günü yeyib-içib o dərəcəyə çatırlar ki, yayın sonunda köklükdən tərpənməyə də ərinib elə uzana-uzana yeyirlər.

Amma belə baxanda çox cəlddirlər. Bu fotodakı da yəqin maraq dairəsini daima genişləndirən marmot idi – özü dayanıb bir xeylaq tamaşa elədi bizə. Gördü 1 qəpiklik xeyrimiz yoxdu – qaçdı getdi.

Ölçüləri elə bil kübar şəraitdə yaxşısını yeyib-yaxşısını içən nankor ev pişikləri boyda, bəlkə də bir az onlardan da böyük olur. 65-70 sm-dək bədən uzunluğu, çəkiləri də 7-9 kq.

Qeyd edirlər ki, onlarla canlı təbiətdə rastlaşmaq asan iş deyilmiş. İndi mən bilmədim, ya mən lazımından çox hündürə dırmaşmışam, ya onların nəsə üzəçıxdı günü olub… Çünki bir xeylaq sayda gördüm onları.

Yeyib-içdikləri yerə yaxın olur yuvaları ki, həşirə düşəndə tez bir zamanda gizlənə bilsinlər. Gizlənməzdən də əvvəl özünəməxsus səslə haray çəkirlər ki, qonum-qonşu da təhlükədən xəbərdar olub aradan çıxa bilsin. Yedikləri də yarpaq, gül-çiçək, otlar, bəxtləri gətirsə – taxıl bitkilərindən də nəsədir.

Dişi Himalay marmotu dünyaya 3-4 kiçik, 26-qramlıq marmotcığaz gətirir. Balalar 26-27-ci gün özlərinə gəlirlər və birbaşa ata-analarının yedikləri ilə qidalanırlar.

10 ilədək yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir