Quş dimdikli, kirpi iynəli, sürünənlər kimi yumurta qoyan, ev pişikləri qədər zəkalı, opossum kimi çantalı, fil qədər ömür sürən qısaquyruqlu yexidna hələ 180 milyon il əvvəl yaşayan əcdadlarının mübarək yadigarıdır qalıb bizim üçün. Uzun, yapışqan dilləri, möhkəm qabaq ayaqları və həşəratlara olan ülvi sevgiləri ilə qarışqayeyənə də oxşayırlar.

Bədən ölçüləri 30 sm-dən böyük olmur. Elə dişləri də olmur. Bütün məməlilər arasında ən soyuq qan sahibidirlər. Ağır zamanlarda sağa-sola enerji sərf etməmələri üçün bədən temperaturlarını +4 C dərəcəyədək endirir, hər 3 dəqiqədən bir 1 dəfə nəfəs alırlar. Qızınmaq üçün üzü üstə xalça kimi yerə sərələnib özlərini günə verirlər. Sərinlənmək istəyəndə isə uzun tikanlarını fil qulağları kimi şaxələndirib istini bütün bədənlərinə yayırlar.

Avstraliya, Yeni Zelandiya tərəflərdə böyük, açıq məkanlarda gözdən uzaq şəkildə yaşayırlar. Heç kimə dəyib dolaşmırlar. Hətta öz həmyexidnalarına da. Vəhşi heyvanlardan (dinqo itləri, vəhşi pişiklər, qartallar, tülkülər, tasman şeytanları) da qorunmaq üçün ya kirpi kimi yumaq şəklində qalırlar, ya da “batan gəmi” deyilən pozada: bədənlərini torpağa basdırıb hücum edənə yalnız iynəli bel hissələrini saxlayırlar. Yedikləri qarışqa, termit filan olur. Əla üzməkləri də var. Məcbur qalanda 1 ayadək yeməksiz dolana bilirlər. İynə demişkən, iynələri insan dırnaqları və ya kərgədan buynuzunun materialındandır – keratindən.

Qış ayı gələndə bir dəstə erkək yexidna düşür feromon səpələyən dişinin dalınca. El içində buna “məhəbbət qatarı” da deyirlər. Bu cür “qatar” hətta 1 ay və daha çox müddət ərzində özünü naza qoymuş dişinin dalınca şütüyə bilər. Xanım yexidna rəhmə gələndə gedir uzanır ağacın altında, caynaqları ilə də pərçimlənir onun gövdəsinə. Erkəklər də başlayırlar bunun ətrafında hərlənə-hərlənə kənara torpaq qalaqlarını atmağa. Bu minvalla dişinin ətrafında 25 sm dərinliyində əməlli-başlı mini-səngər yaranır. Elə bu moment erkəklər arasında dişi uğrunda yüngülvarı turnir başlanır: bir-birilərini başları ilə astaca itələyib səngərin hüdudlarından kənara çıxarırlar. Qalib təzəbəy böyrü üstə səngərə sərələnib baxışları ilə “Di hı!” deyib dişini dəvət edir.

Bu boyda həngamədən sonra 22 gün keçir və dişi artıq naz-qəmzəli qatar hərləyəndən çevrilir olur əliyumurtalı ana. Elə bircə yumurtayla çıxır el arasına. Yumurtanı da gillədir çantasına. 10 gündən sonra yumurtadan çıxan bala çox sürətlə böyüyür, iynələri çıxır, 45 gün çantada ana südü ilə qidalanır. Ana da bekar durmur. Balası üçün yuva qazır, hansında ki bala 7 ayınadək yaşayır. Həftədə 1-2 dəfə gəlib balasını yedizdirən ana 7 ay keçındən sonra gedir yenə qatar hərləməyə. Artıq yetərincə iynə sahibi olan bala da sərbəst həyatına start verir.

50 ilədək yaşaya bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir