Adama deyərlər – gül kimi gülsən də, niyə özünü gül kimi aparmırsan? Çox qonaqpərvər olduğuna görə tutduğunu buraxmır. Çox istədiyindən “Adam bunu lap yemək istəyir” deyib yeyir də tutduğunu. Deyəndə də üzrxahlıq eləyir ki, bəs, “sən Allah bağışlayın, imkansızam, tək deyiləm, böyür-başımda bir sürü külfət də bitir, orqanizmim üçün lazımi qədər azotu, mineralları bu bitdiyim torpağdan ala bilmirəm, ona görə məcburam özümü belə güləyaraşmayancasına aparmağa”. Ala bilmirsən, qoşul xalxın güllərinə, düz-əməlli yerdə bit ki, qarnıvı doydurmaq üçün onu-bunu qanına qəltan eləməyəsən də. Nə bilim, vallah. Qınamaq da olmur e, dədə-babadan belə görüblər.

Biçarə qurt-quş, hətta kiçik gəmirici də adını gül qoyduğum bu canlının tələsinə düşüncə görməmiş bitkinin xüsusi mədə şirəsi sayəsində həzm olunur. Bitki əlini ağdan-qaraya vurmamağa qərar verəndə heç şirə-zad da ifraz eləmir, elə bitib gözləyir ki, tələyə düşən öz axarıyla tələdə çürüsün, bitki də ondan qalanı çəksin canına.

600-dan çox növü var bu ətyeyən bitkilərin. Bu gün Milçəkqapan (Dionea muscipula) haqqında bir balaca agah olacayıq.

Yarpağlarının rəngi çox vaxt qırmızıya çalır (bəzən mavi, sarı da ola bilir). Bu da elə-belə təsadüfən olan şey deyil. Öz mənfur məqsədlərinə çatmaq üçün belə bəzəniblər. Üstünə də nektar yaxıblar. Biçarə həşəratlar uzağdan rənglərini görüb, nektarlarını duyub xoş məramla pənah gətirirlər onlara ki, kasıbın olanından dadıb getsinlər iş-güclərinə. Amma nə bilsinlər ki, bədniyyətli bitki “azotum çatmır” adıyla basıb yeyəcək bunları… Bir neçə gün ərzində həzm edib bitirir, adətən. Sonradan tələ yenə açılır.

3-7 yarpaqdan ibarət olur. Ölçüləri də elə saylarına uyğundur: 3-7 sm. Qarışqalar, hörümçəklər, müxtəlif böcəklər, uçan-qaçan cücülər, arabir desert kimi çanaqsız ilbizkimilər və s. onların menyularını təşkil edir.

Bitkinin özü onun-bunun hesabına 20 il ömr sürür. Gec böyüyür. İlk 1 il kiçik qəpik ölçüsündə olur.
Təbii arealı ABŞ-ın şərq sahili boyunca bataqlıqlı, nəm əraziləridir. Evdə saxlayanlar da var bu bitkini. İlk dəfə ev şəraitində onu ABŞ prezidenti Tomas Cefferson 1804-cü ildə saxlayıb. Deyə bilərsiz ki, evdə saxlayanlar elə kolbasadan-sosiskadan da ata bilər də bunun ağzına ki, yesin doysun. Yox. İş orasındadır ki, bitkinin tələsinə düşən canlının bir müddət vurnuxması sayəsində o yuxarıda dediyim şirə ifraz olunur. Vurnuxma olmasa bitki onu təsadüfən düşən zibil qalığı bilib tələsini açacaq. Manual şəkildə milçək-böcəkləri də tələyə doldurmaq olmaz. Çünki bitkinin hər qidayla bağlı öz limiti var, məsələn, milçəkdirsə – bitki artıq öyrəşib ki, təbiətdə onların tələlərinə mövsüm ərzində 3-4 milçək düşə bilər və hər gün 5-6 milçəyi tutub tələyə qoymaqla bitkinin sadəcə ömrünü qısaldmış olacaqsınız.

Gül olub güllərə qoşulammayan gülümüzdən bu qədər. Sağ olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir