Boyu uzun adamlara da hərdən “dəvədəlləyi” deyirlər. Görəsən, niyə?
Bu gün qeybətini eləyəcəyimiz dəvədəlləyi isə elə əsl dəvədəlləyidir – həşərat. Lap əvvəllər zooloqlar onları tarakanlara tay tuturdular ki, bu da dəvədəlləklərinin pisinə gəlirdi. Həqiqətən də, qaranlıq düşəndə çıxıb onun-bunun artıqlarını yeyən, qorxaq, vid-fasonundan adamın sifəti əyilən tarakanı güclü, ancaq diri şikarı tutub mələdib yeyən, menyusunda kiçik quşlar, qurbağalar, kərtənkələlər və hətta cubbulu ilanlar belə olan dəvədəlləyiylə necə bir tutmaq olar axı? İndi hər gözəlin bir eyibi var, dəvədəlləyinin də eyibi sübhdən diri şikar ovlamaq imkanı olmayanda gözünə sataşan ilk həmdəvədəlləyiylə də qidalana bilməsidir. Yox. Daha bir eyibi də var. Yazacam bir azdan.

Dəvədəlləyini öz qonum-əqrəbalarından fərqləndirən bir sıra cəhətləri də var.
Birincisi, cəmi 1 ədəd qulağı var. Amma ləyaxlı qulağdır: eee, hardan-hara eşidir.
İkincisi, yeganə həşəratdır ki, başını müxtəlif səmtlərə fırlada bilir, hətta boylanıb arxaya da baxır.
Üçüncüsü, ölçüləri də iridir. Uzunluqları 11-14 sm-dək olur.

Yemək-içmək vaxtı çox rahat olur, heç yerə tələsmir, bilir ki, tutduğu qida aradan çıxası deyil. Çünki ovunun ilk anlarında şikarının başını dişləyir ki, elə öldüyü yerdə ölsün. Oğul da istərəm ki, dəvədəlləyinin tutduğu şikara şərik çıxmağa cəhd göstərsin…

Ətraf mühitin rəngi-rufuyla uyğunlaşıb maskalanmaq məsələsində də istənilən buqələmuna dərs keçər dəvədəlləyi.

Dəvədəlləyimizin toy mərasimi əminliklə onun ikinci eyibi sayıla bilər. Daha doğrusu, dişi dəvədəlləyinin eyibi, erkəyinsə – acınacaqlı taleyinin kulminasiyası. İki gənc dəvədəlləyi tanış olub ailə qurmaq qərarına gəlirlər. Qərara gələndən 1-2 saniyə sonra da övlad eşqiylə alışıb-yanmağa başlayırlar və keçirlər iş başına. Nəbadə məclisin qızğın momentində gələcək anaya qəfil aclıq hissi gələ… İştah ona həmlə edəndə biçarə təzəbəy gəlinin baxışlarından söhbəti tutur ki, nəsə bu baxışlarda qan iyi var. Elə ibrətamiz intonasiyayla “Yekə adamsan, 6 dəqiqənin gəlinisən, ayıb ols…” deyəndə sözü ağzında qalır.
Dişi dəvədəlləyi 180 dərəcə başını fırladaraq təzəbəyin başını qoparıb yeyir.
Amma mətanətli erkək dəvədəlləyini qısamüddətli həyat yoldaşının bu namərdyanə hərəkəti usandırmır. Yarı rəhmətə getmiş vəziyyətdə də o, gələcək körpələrini düşünür, prosesi elə başladığı ritmdə davam edir. Başsız ola-ola. Dişi? Qram vecinə də olmur ki, kişisini başsız qoyub.
Hətta proses vaxtı dişi acımasa belə bu heç də o demək deyil ki, erkək papağını göyə ata bilər. Haqq-hesab bitəndən sonra erkək hələ də salamat qalıbsa mütləq özünü ölülüyə vuracaq. Bilir axı o vəhşi qızı vəhşi cansız nəyəsə tamah salası deyil. Bir az elə ölü vəziyyətdə qalır, ta ki, kişinin qızının başı nəyəsə qarışır, bu da həmin an yavaş-yavaş cırır aradan.

Dəvədəlləklərinin qanadları da var. Amma dişilər erkəklərə nisbətən daha iri olduqları üçün uçmağa da canları çıxır. Bu, ər başı deyil ki, dişinə çəksin. Erkəklərsə uçur. Düzdür, qısa məsafələrə.

2850-dək növləri var. Cəmi 1-2 ay yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir