Buna “heyvan” deməyə adamın klaviaturası gəlmir, vallah. Adı da elə bil xüsusi sifarişlə alınıb: adi gəlincik. İlk baxışdan qaquma (горностай) və ya gəlinciyə (хорек) oxşasa da aralarında bir sıra gözəçarpacaq fərqlər var. Adi gəlincik o birilərin ölçüsünə baxanda daha xudmanidir, quyruğu birrənglidir, qulaqları da yumruvarıdır.

Amerika, Avropa, Asiyada geniş yayılıb. Yaşadıqları yerlərin arealı da çox genişdir: düzənliklər, meşələr, bataqlıqlar, ağacların gövdələrində, daşların altında… Nadir heyvanlardandır ki, insan övladı görüncə aradan çıxmaq istəmir. Birdən elə bilərsiz bu, insan paklığına inanmağından irəli gəlir. Əksinə, kiçik, amma iti dişlərinə güvənib özü birinci hücuma keçərək qorunmağa cəhd göstərir.

Çox sürətlə qaça bilir, üzür, ağaclara dırmaşır. Bütün bu keyfiyyətlərinin hesabına çox da sanballı ovçuya çevrilib. Böyüklü-kiçikli siçanlar, dovşanlar, cücələr, kərtənkələlər, qurbağalar, hətta ilanlar onu görüncə dünya gözlərində qaralır. Gün ərzində yeyib-içməklərinin miqdarı 30-40 qramlıq qida olur.

Erkək fərdlərin çəkisi 60-250 q, dişilərdə – 30-108 q, bədənlərinin uzunluğu isə 160-260 mm (erkəklərdə) və 114-212 (dişilərdə) mm-dir. Mehriban ailələrini mart ayında qururlar. 5-həftəlik hamiləlik dövründən sonra 1,5 qramlıq 5-7 (nadir hallarda – 3-8) bala dünyaya gəlir. Körpələrin nazını çəkmək məsələsinə dişi fərd baxır.

Gəmiricilərin düşməni olduğu üçün insanlar arada toyuq-cücəyə həmlə etməklərini də keçirlər onlara. Amma atlarla bağlı fetişlərini onlara heç cürə bağışlaya bilmirlər. İş orasındadır ki, bu adi gəlincik at təri üçün sino gedir. Bilmirəm niyə. Tər həsrətiylə biçarə ata o qədər sürtünərək onu qıdığlayırlar ki, at əldən düşür. Ona görə adamlar buna çarə olaraq atlarının olduğu tövləyə bir keçi də bağlayırlar, hansından ki, adi gəlinciyin zəhləsi gedir.

İlin fəsillərinə uyğun olaraq rəng verib-rəng alırlar: yayda açıq qonur rəngli adi gəlincik qış aylarında ağappaq olur.

8-10 ilədək yaşaya bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir