Zloy baldız baxışlı şəlpəqulağımız

Zloy baldız baxışlı şəlpəqulağımızı təqdim edirəm.

Azərbaycanca buna, deyəsən, Dilçilik İnstitutu hələ ad fikirləşməyib. Belə ordan-burdan tərcümə edəndə adı “yekəqulaq tülkü” anlamına gəlir. İndi sizin də nə versiyanız olsa xəbər edin, adqoydu edək.
Yeri gəlmişkən, elmi adı “yekəqulaq it”dir (Otocyon megalotis).

Ümumiyyətlə 23-dək tülkü növü mövcuddur. Amma bu balamız nətər unikaldırsa, ayrıca Otocyon sinfini təşkil edib və sinfin yeganə nümayəndəsidir.

Afrikanın sakini olaraq digərlərindən, gördüyünüz kimi, qulağlarının ölçüsü və çaşkafason vidi ilə fərqlənir. Özü də qulaq deyilən nahiyə 13 sm uzunluğadək ola bilir. İtkimilər ailəsinin yeganə nümayəndəsidir ki, həşərat yeməyi ət yeməyindən daha üstün tutur. Təkamül nəticəsində dişlərinin forması dəyişərək kiçik və zəif olublar ki, bunun da ucbatından ətli-canlı nədənsə dişdəm almağa ürəyləri gəlmir. Dişlərinin sayı amma çoxdu – 48. Həm də meyvə, bitki kökləri, termit, hörümçək, əqrəb, arabir kərtənkələ də yeyib məmnun olurlar.

Çənələrinin zəifliyini tappatarapla çeynəmə sürəti ilə kompensasiya ediblər. Bu bacarıqları çoxlu miqdarda kiçik ölçülü qidaları basıb yeyib doymağa imkan verir. İl ərzində 1,15 milyon termit yeyir, məsələn.

Ov zamanı imdadına yetən əsas orqanı, sözsüz, yenə qulaqlarıdır. Lokator kimidilər. Cüzi bir xışıltının (hətta yerin altında hərəkət edən böcəyin asqırtısını belə) istiqamətini də tezbazar təyin edib mədəsinin bəzəyinə çevirir. Qida həsrətiylə bir gecəyə 12 km-dək məsafə qət edə bilər.

Təəccüblü olsa da, baldızbaxışlımız Afrikanın bir-biri ilə əlaqəsi olmayan iki müxtəlif ərazisində yaşayır. Şərqdə – Sudandan Tanzaniyanın mərkəz rayonlarınadək və cənubda Anqoladan ta ki Cənubi Afrika Respublikasınadək ərazilərdə.

1 ər+1 arvad prinsipi ilə yaşayırlar. Adətən. Arada şuluqluq salıb 2 arvadlısı olanı da olur. Hər ailə 80 hektar sahənin kupçasına sahib olur. Öz aralarında çənə vurmaq üçün 9-dək müxtəlif səslərdən istifadə edirlər: 7 aşağı tembrli səslə qohum-qonşu, arvad-uşaqla, qalan 2 zil səslə də rəqibləriylə.

Yerin altında qazdıqları iri, geniş zallardan, çoxsaylı giriş-çıxışlardan ibarət olan labirint tipli yuvalarda yaşayırlar. Bədnam qonşuları (hepard, çaqqal, piton, bəbir və s.) bunların ünvanından xəbər tutan kimi o dəqiqə ev-eşiyi tərk edib köçürlər başqa əraziyə.

Əvvəl sayları daha çox, yaşadıqları ərazi daha geniş idi. Qırıb-çatdılar yazıqları. Həm də quduzluq xəstəliyindın də 25%-dək məhv olublar. Zahiri görünüşdən ətləri iştahaçan olsa da, dadı bir o qədər də mədəyəyatan deyil.

Yırtıcılıqda tülküdən geri qalan, digər vəhşi itkimilərdən daha xoşxasiyyət olan şəlpəqulaq tülkü ona hücum edəndə düz-əməlli müdafiə oluna da bilmir. Onlara yaxınlaşanda da o dəqiqə qaçmırlar. Qaçanda da elə də üstünə qoymurlar, belə aram-aram qaçan fason olurlar. Bilmirəm niyə.

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir