Mazoxist ərini özünə svarkalayan balıq

Eybəcər vidli dəniz şeytanları (Amerikada onlara rahib balığı da deyirlər) balıqlar aləminin mazoxisti sayılır. Deyəcəm səbəbini. 1,5-5 km dərinlikdə yaşayıb oradakı təzyiqi veclərinə almayanlardandılar həm də.

Uzunluğu 2 metrə çatan bu iri balıqların çəkiləri 28 kq-dək olur. Əxlaqsızyanə böyük ölçülü ağızları iti dişlərlə vız vurur. Sürüşkən dərilərinin üzərindəki saçaqlar balığın eybəcərliyinə xüsusi şarm qatır.

Başlarında irəli əyilmiş tilovları var, onun da qurtaracağında içərisi işıq saçan bakteriyalarla dolu balaca kisəyə bənzər haqq-hesab olur. Onun hesabına bütün günü suyun dibində tərpənməz halda uzanıb qalaraq digər balıqları tovlayıb özlərinə yaxınlaşdırırlar, sonda da basıb yeyirlər. Özü də bu bakteriyalar oksigen hesabına işıq saçırlar. Ona görə də yeyib-içmək vaxtı balıq qan damarlarını sıxıb oksigeni kəsir, işıq sönür ki, lazım olmayanda israfçılığa yol verməsin, həm də digər vəhşi su əhlinin diqqətini özünə cəlb etməsin.

120-dən çox növü var bu balığın. Növündən də asılı olaraq ölçüləri dəyişir: 5-40 sm-dən 2 metrədək, bəzi cırtdan növlü erkəklər isə cəmi 14-22 mm-dək. Erkək başıbəlalı-mazoxistlərin ölçülərinin niyə belə kiçik olmasını bir azdan biləcəksiniz.

Bütün bu hoqqalar dəniz şeytanlarının cütləşmə prosesinə baxanda lap toya getməlidirlər. Ümumiyyətlə bu balıqların erkək və dişiləri zahiri görünüşcən bir-birilərindən o qədər fərqlənirlər ki, əvvəllər onları hətta müxtəlif növə aid olduqlarını düşünürdülər.

Eybəcər erkək yetkinlik yaşına çatanda həyatının səhvinə imza atır: gedir özünə eybəcər dişi axtarmağa. Cubbulu balıq üçün bu o qədər də asan iş deyil. Axtar-axtar və nəhayət tap və başla gicdəməyə. Deməli, dişini tapan kimi erkək dişləri ilə yapışır ondan. Elə belə mırta dişdəm alıb qırağa çəkilmir a. O qədər o vəziyyətdə qalır ki, dodağları və dili dişinin bədəninə yapışır qalır. Özü də yapışmaq deyirəm e sizə – əməllicə xanımın bədəninə yeridilib qalır. Demək olar ki, svarkalanır. O moment erkək başa düşür ki, çox tupoyluq edib və geriyə yol artıq yoxdur. Amma, İzzət demişkən, “iş işdən keçəndən sonra tumanbağını bərkidməyin nə mənası?” Bu andan həyat yoldaşı ərini tam himayəsinə alır. Biçarənin bədəninə bitişmiş damarlarıyla dişi kişiyə nə lazımdısa ötürür: yemək, içmək filan. Erkək bu minvalla dişinin bədəninə o qədər bitişir ki, ona artıq nə göz lazım olur, nə bağırsaq, nə də çənə, onlar artıq sıradan çıxıb görkəmini də dəyişirlər. Erkəyin orqanizmində yalnız ürək və olan-qalan bədənini oksigenlə təchiz edən nəfəs alma orqanı işləyir. Hə bir də cinsiyyət orqanlarının funksionallığı. Nə başınızı ağrıdım, ismətli dişidə mayalanmanın baş verməsi üçün gərək bu iki gənc qarışsın bir-birinə. Özü də məcazi mənada yox. Vaxt vədə yetir, erkək dişiyə qarışıb eyni dərili, eyni qan-damar sistemli bir orqanizmə çevrilirlər. Dişinin digər fərasəti ondan ibarətdir ki, o eyni vaxtda bir neçə erkəyi özündə birləşdirir. Can bir qəlb bu olsun gərək!..

Yazıq alimlər də əvvəlcə başa düşə bilmirdilər ki, bu balıqların erkəkləri niyə gözə görünmür, elə ancaq dişilərdir. Bu yazıq erkək necə gözə görünsün ki, gəlin bunu udub əyləşib?!

Nəysə. Mayalanma zamanı bu mal erkəkdən nə qalıbsa – arsız-arsız başlayır dişinin kürülərinə həyat verməyə. Uşaqlar da doğulub ata həsrətiylə böyür-başı axtaranda anaları “Mən sizə həm ana olmuşam, həm də ata” deyib kövrəlir.

Bəzi növlərinin ətləri yeyilir. Ancaq quyruq hissəsi. ABŞ, Afrika, Şərqi Asiya sahillərində tuturlar bunları.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir