Pantera elə bildiyimiz bəbir və yaquar imiş

Hamının valeh olduğu pantera var a – o, ayrıca heyvan növü deyil ki. Bu, melanizm əlamətləri (canlının toxumalarında qara piqmentin çoxluğu) bol olan bəbirin (Afrika və Asiyada) və yaquarın (Cənubi Amerikada) rənglərinin genetik variantıdır. Yəni bildiyimiz bəbir və ya yaquarın qara formasıdır. Amma, dallarıyca danışmaq olmasın, bəbirlərdən daha çox aqressiv olurlar.

Asiyada panteraların sayı daha çoxdur. Çünki oradakılar, əsasən, günəş işığı az olan sıx cəngəlliklərdə yaşayırlar. Yəni gəzib-dolaşanda da ətraf mühitdən o qədər də seçilmirlər. Afrikada isə böyür-baş qəhvəyi, yaşıl tonlarda savannadır. Qara panteranın orda var-gəl etməsi, sözsüz ki, hamının diqqətindən qaçmayacaq, o cümlədən onların potensial şikarlarının da. Məhz bu səbəbdən alimlər təqrib edirlər ki, bu qaralaşma prosesi təsadüf olmaya da bilər və zaman keçdikcə cəngəlliklərdə, sıx meşələrdə yaşayan fərdlərin ümumiyyətlə hamısı qaralmağa meylli olacaq.
Yeri gəlmişkən, Keniyada son 100 ildə ilk dəfə pantera 2019-cu ildə kameralara tuş gəlib.

Diqqətlə baxanda görürsən ki, onların dəriləri də tam qara deyil, bəbir və ya yaquardakı kimi xalları var. Özü də ancaq dişi bəbir və yaquarlar pantera olur. Balaları isə öz ənənəvi rəngində də ola bilər, qara da. Qara rəngli balanın doğulması üçün gərək hər iki valideyndə bu ressesiv gen olsun.

Panteraların əsas fərqli cəhəti də boğaz qırtlaqlarının xüsusi quruluşudur. Elə onun hesabına da ətrafı şoka salan nərilti səsi çıxarırlar. ABŞ-da bəzən qara pumaya da pantera deyirlər. Amma indiyənə kimi 1 dəfə də olsa qara pumanı adam kimi qeydiyyata alan olmayıb.

10-12, bəzən 20 il yaşayan panteralar ancaq qaş qaralanda ova çıxırlar ki, ətraf mühitlə “podsvet” olsunlar. Elə gecə ovlasalar yaxşıdı. Çünki panterayla adamın üz-üzə gəlməsi silahsız insan övladının xeyrinə nəticələnməyəcək. Həm də ay adamdan qorxum filan da yoxdur onlarda. Arabir insanların yaşadıqları kəndlərə yaxın ərazilərə də gəlib dəyirlər.

32-50 kiloqramlıq çəkiləri, 2 metrlik bədənləri ilə ağaca necə lazımdı dırmaşıb gəzirlər. 5,5 metr hündürlüyə tullanırlar həm də. Ona görə də qonum-qonşuluqlarında yaşayan meymunların günü əməllicə qaradır. Əla üzməkləri də var ki, bu da cavan alliqatorlara heç də ləzzət eləmir. Arada uzun-uzadı ova həvəsləri olmayanda digər heyvanları məsti-xumar edən xüsusi qoxunu ətrafa yayırlar, şikarları o qoxunun iziylə özləri durub gəlirlər yanlarına ki “ye məni, panterciyim”. Tox olanda lap istəyirsən gəl panteraya şillə vuriynən – vecinə almayacaq.

İgidlik rəmzi olaraq Afrikadakı Qabon dövlətinin gerbində də əks olunub bu bəxtəvər pantera. Özü də ikisi birdən.

https://www.instagram.com/aliakbarphotography

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir