Nəhənglərin cubbulu versiyaları

Zürafə, kərgədan, pinqvin, köpək balığı filanı hamınız tanıyırsız da. Yekəpər, zırpı bir şeylər. Amma onların bəzilərinin miniatür növləri də var. İnkişafdan geri qalmayıblar a, elə anadangəlmə cubbulu olan növləridir.

Uzağa getməyək. Götürək elə bizdən 14385-cə kilometr aralıda yaşayan qonşularımız imperator pinqvinlərini. Boyları 1 metr 22 sm, çəkiləri də 22-45 kq. Bir də var kiçik pinqvin (adı elə belə gedir). Boyu cəmi 30-40 sm, çəkisi 1,5 kq olan bu biçarə kiçik pinqvin o imperator pinqvininə baxıb necə ah çəkməsin axı? Ah da çəkər, qarğış da edər. Cənubi Avstraliya, Yeni Zelandiyada yaşayan bu xudmani pinqvinlərin sayı amma bir xeylaqdır: 1 milyonadək.

Digər yaxın qonşularımız Braziliya, Boliviya, Paraqvayda yaşayan qiasint ara popuqayına nəzər salaq. Boy-buxunu 100-105 sm, orta çəkisi 1200-1450 qram. Bir də var Skleterin ağacdələn popuqayı: boyu cəmi 8,4 sm, çəkisi 10-15 qram… Yazdıqca kövrəlirəm. Niyə axı xalxın popuqayı səndən 12 dəfə böyük olsun?! O da bir ananın popuqayıdı, o da istər kinolardakı kimi handa bir piratın çiynində qıy vursun. Amma sən saydığını say. Bu cırtdan popuqayımızın dimdiyini dimdiyinə qıcıyaraq Papua Yeni Qvineya meşələrində ara popuqayına lənət oxumaqdan başqa çarəsi qalmayıb. Fotolarına da baxanda adama elə gəlir gözləri yaşarıb. Üzdu bu ürəyimi.  Keçək o biri qonşuya.

Budu buralarda – Atlantik okeanında İslandiyadan tutmuş ta ki Afrikadakı Qabon sahillərinədək üzüb dolaşan Qara tikanlı köpək balığı. Elə bircə adını oxuyanda adamın qorxudan nitqi bayatı deyir, gözünün qabağına nəsə lay-divar akula gəlir. 20-cə sm. Necədi sizinçün? Ayıbdı e, vallah. Kakoy-nibud kilkədən 3 sm böyük. Xəcalətindən 280-440 m dərinlikdə üzür ki, amanın gündü, görən olmasın onu. Amma adamın başının üstündə Allah var, ölçülərinə rəğmən qalan nahiyələri elə o biri iri köpək balıqlarındakından geri qalmır: üst çənəsində 25 cərgə, alt çənəsində 30 cərgə diş, belində üzgəc filan.

Vəhşi quşlar quş dünyasının şiri-pələngi sayılır. Qızılquş deyəndə mötəbər bir varlıq adamın gözünün önünə gəlib deyir: “Gəl alım səni caynağıma, balalarıma yem edim”. Amma cırtdan qızılquşlar neynədi? Bizim bu təsəvvürümüzü başıqapazlı elədi. Qızılquşa deyərlər – bildik də, Çində, Asiyada yaşayırsan, bu o demək deyil ki, mütləq ölçülərin də ocağa çəkməlidir. Baxmadı sözə. Getdi oldu cəmi 14 sm. Yaxşı ki, qanad açır. Onda 27 sm olur. Açsın da. Çəkisi ki, elə 35 qram qalır. Vəhşi quşlar siyahısındadır, ucu biz, qırmaqlı dimdik sahibidir, güclü caynağı var. Amma xeyri nədir, əgər adı qızılquş olub, özünün yediyi kərtənkələ-cırcırama olacaqsa? Nə bilim e…

Ölçüləri yuxarıdakı qızılquşdan urvatlı olan cırtdan donuzdan danışaq, barı bir az ürəyimiz açılsın. Bədənləri 50-65 sm, boyları 20-30 sm-dir. Çəkiləri də 6-11 kq. İndi 250 və daha çox kq çəkisi olan digər növ vəhşi donuzlarla müqayisə edəndə təbii ki, adam dolxusunur, amma o bayaqkı akuladan ki, yaxşıdır. Gecələr yatmaq üçün yerdə quş yuvasına bənzər ev-zad da qururlar özlərinə. Hindistanda yaşayan bu vəhşi donuz növü qalıb əl-ayaq altda və əfsuslar olsun ki, nəsli tükənmək üzrədir. Cəmi 150 fərd qalıb. Ölümünə də ürəyimiz açıldı axı…

Təbii ki, canlının kiçiyinə də, böyüyünə də planetin gözü üstdə yeri var. Ona görə təklif edirəm hamısını sevək 

https://www.instagram.com/aliakbarphotography

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir