Zənzibar Hind okeanının Afrika sahillərindəki Tanzaniyaya məxsus adadır. Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı.

Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adaların hamısını “döyər”. Onlardan qat-qat maraqlı, ekzotik olmaqla bərabər, həm də zəngin tarixə malik bir arxipelaqdır. Yəni bir turistin ora gedincə, passiv çimərlik istirahətindən başqa həm də yetərincə tarixi bilgilərini də zənginləşdirmə imkanı əldə edə biləcəyi bir yerdir.

İndiki Tanzaniya 1964-cü ilədək Tanqanika Respublikası adlanırdı, 1964-cü ildə Zənzibarla birləşərək adqoydu nəticəsində Tanzaniya olub.

Zənzibarda əsasən suahili dilinin kişvahili dialektində danışırlar. Britaniya müstəmləkəsi hesabına əhalinin ingilis dili ilə də problemi yoxdur. Adaların əhalisi müsəlmanlardır.

Zənzibara iyundan oktyabradək havanın orta temperaturu +26C olur. Dekabrdan fevraladək – +28-+37C. Amma nəzərə alın ki, Zənzibar ekvatordan cənubda yerləşir, ona görə də dekabr, yanvar, fevral Zənzibarda yay aylarıdır və bu period da orda hava daha isti və quru olur. Aprel-may aylarında yağış mövsümü şuluqluq edir. İslanmadan əlavə həm də bu vaxt malyariya ağcaqanadının iştahına tuş gəlmə ehtimalınız da böyükdür. Quru iqlim zamanı da oralar ağcaqanaddan boldur, amma yağış sezonundakı ağcaqanadlardan fərqli olaraq, quru hava şəraitində hücüm edən ağcaqanadlar zənən xeylağı olduqlarına görə malyariyaya tutulma ehtimalı aşağı olur. Yola düşməzdən əvvəl özünüzlə mütləq ağcaqanadla güləşən spreylərdən bol-bol götürün.

Yerli okeansahili çimərliklər mərcan riflərindən, laqunalarından tutmuş, delfinlərlə, drayverlər üçün cənnət yerlərlə boldur.

Prison adasında nəhəng tısbağalar da şellənirlər (foto), onlara da kiçik qayıqlarla ucuz qiymətə gedib baş çəkə bilərsiz.

Yerli bazar Stone Town da (foto) sizə mütləq «gəl-gəl» deyəcək. Mən hələ ədviyyat plantasiyalarını (foto) demirəm!.. Özüm ədviyyat xəstəsi olduğum üçün hər səfərimdə bu plantasiyalarda gəzişəndə xoşbəxtlikdən əsməcə gəlir mənə. Bələdçi sizi plantasiyada bitən bütün ədviyyatlarla tanış edəcək, real şəraitdə bitən darçın, sarıkök, zəfəran və daha nələr görəcəksiz. Hansını mümkündürsə – hətta dadacaqsız da. Elə oradaca onlardan ala da bilərsiniz.

Otel-filanlar boldur. Müxtəlif qiymətə. Günü 30 dollara okeanın düz sahilindəki kiçik otelimi heç bir Hilton-a dəyişmərəm!.. Otelimi sabah göstərərəm.

Zənzibara müxtəlif vasitələrlə gedib çıxmaq olar. Təyyarə ilə (bir çox ölkələrdən ora birbaşa uçuşlar var), gəmi ilə. Biz Dar Es-Salaamdan gəmi ilə 1,5 saata çatmışdıq. Gemi ilə gediş qiyməti müxtəlifdir, seçəcəyiniz class-dan asılıdır.

Adaya çatınca bələdçilərin, taksi sürücülərinin çoxluğu sizi bir balaca peşman edəcək. Amma bununla belə qiymət saldıra-saldıra onların xidmətlərindən də bəhrələnə bilərsiniz.

Yeyib-içmək ürəyiniz istəyən kimidir. Yəni alışdığınız restoranlardan tutmuş ta ki, alışmadığınız yerli mətbəx iaşə yerlərinədək. Düzdü, yerli mətbəxdən bir o qədər də çox dadmadım. Ekzotik adına məst olub sifariş etdiyim kokteylin nəticədə xiyar kokteyli olduğundan sonra sarsılmışdım.

Qırmızı kolobus meymunlarıyla (foto) yalnız Zənzibarda üz-üzə gəlib dərdləşə bilərsiniz. İnsanlara də öyrəşiblər, adam yerinə qoymadan rahatca işləriylə məşğuldular. Ona görə də doyunca və yaxından tamaşa edə bilərsiniz.

“Tanzaniyaya vizanı gedib sərhəddə ala bilərsiz” kimi söhbətlərə inanmayın. Mütləq səfirlikdən aldığınız hazır viza ilə gedin ki, peşman olmayasız. Və ya Tanzaniyadakı hər hansı qurumdan dəvətnamə ilə getsəz, vizanı sərhəddə də ala bilərsiniz.

Daha nə qaldı? Nəsə qaldısa – xəbər edin. Ən əsası – ZƏNZİBAR – CANDIR! Mütləq gedin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir