“Kişilərə qarşı şiddətə son!” silsiləsindən növbəti tükürpədici yazım.

Təbiətdə dişilər tərəfindən erkək fərdlərin hüquqlarının mələdilməsinin biri bir qəpikdəndi, biləsiz. Neçə-neçə toy günü erkəyə toy tutulur.

O gün yazıq dəvədəlləyinin sarsıdıcı reproduktiv həyatından danışdım. Hələ də qəhər məni boğur. Boğub qurtarmamış nəsil artırmaq üçün canlarından belə keçməyə hazır olan o biri bəxtiqara erkəylərin acınacaqlı ataolma həyatından yazım.

Bu gün kürətoxuyan hörümçəkdən (Orb-weaver spider) danışacam. Gözünü açandan ata deyilən bəndəni görmür.
– Atam gələcək, ay ma?
– Gəlməyəcək!
– Bəlkə zəng edəcək?
– Eləməyəcək!
– Mənim varlığımdan xəbəri var ümumiyyətlə?
– Gicdəmə!

Suallarına anasının rezki cavabları onu bezdirir. Anası isə nəinki onun suallarından, elə özündən də bezmişdi deyə özü nöqtəsini qoyur: “Bala, aton həyatının ilk və sonuncu bazlığında keçinib. Bəli, yemişəm onu, özü də bilə-bilə. Enerji yığmışam ki, sən dünyaya sağlam gəlib indi mənə gic-gic suallar verəsən. Narazılığın var bəlkə? İndiysə bas bayıra, mama hələ ki, qocalmayıb – gedir feromon səpəliyib kişi axtarmağa”.

Qocalmaq söhbətini ana hörümçək əbəs yerə vurğulamır. Çünki erkək fərd əvvəlcədən bilir ki, bu onun birinci və axırıncı qızgördüsüdü. Fikirləşir ki, “Raz ki belədi, onda heç olmasa cavanını, daha sağlamını, gözəgəlimlisini seçim. Halal xoşu, soxsun məni gözünə”. Ona görə yaşı çox olan dişi kürətoxuyan hörümçəklər cavanlıqlarında keyflərini çəkirlər, yediklərini yeyir, yeyə bilmədiklərinə də “it də yeməz bunu” deyib yolu gənc görməmiş həmhörümçəklərinə verirlər.

Gələn dəfə də yovşan sisəyindən yazacam. Amma o bir az yaxşı qurtarır, türkün məsəli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir