Bir səyyah olub – Henri Stenli. 1890-cı ildə Konqoya gəlib öz atıyla fors eləmək istəyəndə yerli piqmeylər deyiblər ki, paah!.. Bizdə də var da ondan və aparıb okapini göstəriblər Henriyə. Henri də gördüyündən şoka düşüb. Özünə gələn kimi gedib dünyaya car çəkib. Beləliklə, dünya ictimaiyyəti 19-cu əsrdə okapinin varlığından xəbər tutub.

Ancaq Konqo Demokratik Respublikasında yaşayır. Henri yox, okapi. El arasında ona zebra-zürafə də deyirlər. İlk dəfə görəndə elə bilirsən nəsə Hellouinə hazırlaşmış atdı. Amma sonra baxırsan ki, yox, başı heç də at başı deyil, zolaqları da var.

Belə arada rəsmi olaraq ona meşə zürafəsi də deyirlər. Elə zürafəkimilər ailəsinə aiddir, yeri gəlmişkən.

Zahiri görünüşündəki qəribəliklərdən savayı daxilindəki diliylə də fərqlənir: qarışqayeyənin qulağından iraq, çox uzun (35,5 sm), göyümtül rəngdədir dili. Onun vasitəsiylə gözünə-qulaqlarına qulluq da edir, ağacdan yarpaq dərməkdə də istifadə edir.

Zürafədən boyca kiçikdir: 160-200 sm. Amma ölçüsünə görə çəkisi az deyil: 250 kiloqramadək.

Heç kimə dəyib-dolaşmayan, ot, göbələk, meyvəylə qidalanan heyvandı.

Çox gözüqırpıqdırlar deyə ancaq günorta aktiv olurlar ki, böyür-başlarından xəbərləri olsun. Erkəklər dişilərdən ölçüdə bir qədər kiçikdirlər. Zato başlarında cuppulu buynuzları olur. Tək gəzib-dolanırlar. Cütləşmə dövründə dişi fikirləşir ki, əşi, 1-2 həftəlik əhd-peymandan ziyan görməz və özünü buraxıb gedir erkəklə. Amma sonradan xəbər tutanda ki, 450 gün (!) hamilə qalasıdı – it kimi peşman olur.

14-30 kiloqramlıq bala okapi dirçəlincə başqa bəzi cütdırnaqlılarda olduğu kimi anasının dalıyca düşüb qalmır, doğulan kimi gedib gözdən xəlvət yerdə gizlənir. Anası da onu haraylayıb tapır, yedirdir.
Fobiyası da var okapinin. Bəbirofobiya. Elə ona görə gecələr yuxusu ərşə çəkilir ki, bəbirin desertinə çevrilməsin.

Orta hesabla 20-30 il yaşayırlar. 1933-cü ildən rəsmən qorunurlar. Hal-hazırda sayları 30 minədəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir